!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh danışıqları YEKUNLAŞDI: “Ermənistan yaxın gələcəkdə...”

!Reklam – Yazi

“Azərbaycan tərəfi dəfələrlə Ermənistana sülh prosesi çərçivəsində sülh sazişinin imzalanması ilə bağlı təkliflər irəli sürüb. Bu təkliflər kifayət qədər ədalətli olub, baxmayaraq ki, Azərbaycan qalib dövlətdir və kapitulyasiya aktına imza atmış, eyni zamanda, 30 il ərzində torpaqlarını işğalda saxlamış bir ölkə ilə qarşı-qarşıyadır…”

Bunu Yenicag.az-la söhbətində politoloq Əli Zülfüqaroğlu deyib.

Analitik Ermənistanın silahlanması fonunda ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən sülh müqaviləsi ilə bağlı danışıqların yekunlaşmasına dair yayımlanan bəyanatı şərh edib.

Xatırladaq ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib.

Proseslərə münasibət bildirən Ə. Zülfüqaroğluna görə, belə bir vəziyyətdə Azərbaycanın sülhə yönəlik bu yanaşması təqdirəlayiqdir:

“Lakin təəssüf ki, Ermənistan Azərbaycanın ədalətli təkliflərinə heç vaxt adekvat cavab verməyib. Əksinə, müəyyən havadarlar, xüsusilə Fransa, ABŞ-nin keçmiş Bayden administrasiyası və Hindistan vasitəsilə sülh prosesini ləngitməyə və uzatmağa çalışıb. Ermənistan bu yolla geosiyasi vəziyyətin öz lehinə dəyişəcəyi bir mərhələni gözləyərək sürətlə silahlanmağa başlayıb və gələcəkdə Azərbaycana qarşı revanşist planlarını həyata keçirmək niyyətindədir”.

Bu kontekstdə həmsöhbətimiz hesab edir ki, məsələyə obyektiv yanaşmaq lazımdır:

“Ermənistan indiyədək atdığı addımlarla məhz bu niyyətini sübut edib. Azərbaycanın dövlət başçısı dəfələrlə bu mövzuya toxunub və bildirib ki, ölkəmizin əlində kifayət qədər sübut var. Məsələn, Bayden administrasiyası dövründə Ermənistanın ABŞ tərəfindən gizli şəkildə silahlandırıldığına dair məlumatlar mövcuddur. Fransa və Hindistan isə bu prosesi açıq şəkildə dəstəkləyib. Paşinyan Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-yə səfər edərək erməni lobbisinin dəstəyindən istifadə etməyə çalışıb. O, Bayden dönəmindəki siyasətin Tramp administrasiyasında da davam etməsini istəyib, lakin bu cəhdləri nəticəsiz qalıb. Çünki Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq siyasəti və regionla bağlı mümkün dəyişikliklər Paşinyanın hesablamalarını alt-üst edib. O ümid edirdi ki, Vaşinqtonun Avropa İttifaqı ilə münasibətlərində gərginlik yaranarsa, Ermənistan həm Fransanın, həm də ABŞ-nin yeni administrasiyasının dəstəyini ala bilər”.

Müsahibimizin qənaətinə görə, bütün bunlar göstərir ki, Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması üçün təqdim etdiyi tamamilə ədalətli və konstruktiv təkliflərə heç bir reaksiya vermək niyyətində deyil:

“Halbuki Azərbaycan kapitulyasiya imzalayan bir dövlət qarşısında həm hərbi, həm də diplomatik üstünlüyünə baxmayaraq, sərt mövqe sərgiləmək əvəzinə sülhə şans verib. Azərbaycan hətta Ermənistanın təkliflərini də nəzərdən keçirərək razılaşma əldə etməyə çalışıb. Tarixdə isə məğlub olmuş və kapitulyasiya imzalayan bir dövlətin qalib ölkəyə şərt qoyması görünməmiş bir haldır. Lakin Ermənistan Azərbaycana qarşı qəbuledilməz təkliflər və şərtlərlə çıxış edib”.

“Bundan başqa, son həftələrdə Paşinyan kommunikasiyaların açılması ilə bağlı bəyanatlar verib. Bu, Zəngəzur dəhlizinin açılmayacağı mesajı kimi qəbul edilə bilər. Əvvəllər Qərbin dəstəklədiyi “sülh kəsişməsi” layihəsini irəli sürsə də, indi siyasi konyunktura dəyişdiyi üçün yalnız Ermənistanın maraqlarına xidmət edən kommunikasiya təklifləri səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi də buna qarşı öz mövqeyini bildirib. Bütün bu addımlar Ermənistanın sülh danışıqlarına ciddi yanaşmadığını və konstruktiv mövqe tutmaq istəmədiyini ortaya qoyur. Eyni zamanda, Ermənistanın silahlanması onun müharibəyə hazırlaşdığına işarədir və bu, reallığı tam əks etdirir.

Beləliklə, mənə elə gəlir ki, Ermənistan yaxın gələcəkdə Azərbaycanın sülh sazişi üçün yaratdığı şərtlərə əməl etməyəcək. Bu isə regionda gərginliyin artması riskini real edir. Ermənistanın indiki siyasəti eskalasiyaya zəmin yaradır və bu, göz qabağındadır”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

167
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv