“Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh müqaviləsindən çıxarılması məsələsinə yanaşmam fərqlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Siyasi təhlilçi Ermənistanla imzalanması gözlənilən yekun sülh sazişindən Zəngəzur dəhlizi ilə bağlı məsələnin çıxarılmasın, habelə Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərinin sözügedən məsələ ilə bağlı olması iddialarına münasibət bildirib.
Ə. İbrahimovun fikrincə, bu tendensiya 2 məsələ ilə əlaqədar ola bilər:
“Birincisi, həmin maddə ona görə çıxarılıb ki, sülh müqaviləsinə qədər həll oluna bilər.
İkincisi isə adıçəkilən maddənin sülh müqaviləsinin yüngülləşdirilməsi üçün çıxarılmasıdır.
Əgər Azərbaycan tərəfi iddia edirsə ki, Ermənistan konstitusiyası dəyişməlidir, belə olan təqdirdə, yenə də sülh müqaviləsinin imzalanması müddəti uzanır. Çünki Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməzsə, Azərbaycan yekun sənədə imza atmayacaq. Məhz ona görə də sülh müqaviləsinin imzalanması uzun müddət çəkəcəyi üçün Zəngəzur dəhlizi ilə bağlı müddəa oradan çıxarılıb. Məncə, Zəngəzur dəhlizi yekun sənədin imzalanmasına qədər işləyə bilər. Lakin bizim bəzi siyasi ekspertlər əksini iddia edərək düşünürlər ki, sözügedən maddənin çıxarılması müqaviləyə maneə törətməsi ilə əlaqəlidir.
Mən isə bu məsələyə optimist yanaşıram. Maraqlıdır, yol neçə açılmaya bilər? Yaxud bunu müqavilədən çıxara bilər. Mənə elə gəlir ki, Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılması onun daha tez və problemsiz açılması ilə əlaqədardır”.
“O ki qaldı Rusiya lideri Vladimir Putinin Azərbaycana gəlməsi məlumatlarına, fikrimcə, bu səfər təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə məhdudlaşdırılmamalıdır. Onsuz da dəhlizin açılması məsələsi İlham Əliyev-Vladimir Putin arasında müzakirə olunacaq məsələlərdən sadəcə biridir. Ona görə ki bu gün Rusiyanı narahat edən və düşündürən məsələlər mövcuddur. Hesab edirəm ki, Putin buraya gəlməklə Azərbaycandan bu və ya digər formada dəstək istəyə bilər”, – o, əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan bu gün regional bir ölkədir və qlobal məsələlərdə öz sözünü deyir:
“Məhz buna görə də Putinin əsas məqsədi budur. Bu günləri Rusiyanı düşündürən əsas məsələ Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri və Yaxın Şərqdə baş verən məslə deyil. Moskva üçün əsas məsələ Rusiya-Ukrayna müharibəsidir. Bundan başqa, Yaxın Şərqdəki müharibənin, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının Rusiyaya xeyri var. Odur ki, Putinin Azərbaycana gəlməsi bir növ ölkəmizdən siyasi dəstək istəməsi ilə əlaqələndirilir”.
Rafi Müslümov
www.yenicag.az