“Azərbaycan-Ermənistan münasibətlərində müəyyən bir mərhələdəyik. Artıq dövlət başçılarının görüşməsi üçün də hansısa bir addım lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qədir Aslanlı deyib.
Onun sözlərinə görə, bu görüş ABŞ-nin təşəbbüsü ilə və yaxud Münhen Təhlükəsizlik Konfransı zamanı baş verə bilər:
“Hesab edirəm ki, belə bir şərait yaradılsa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün böyük bir addım atılmış olar. Təbii ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də nəzərdə tutulmuş müqavilənin 17 bəndindən 15-nin hazır olduğunu bəyan etmişdi. Bu nüansları nəzərə aldıqda, biz Azərbaycan və Ermənistan arasında müsbət məqamları da görə bilirik. Məhz elə bu müsbət məqamlardan bir neçəsinin nəticəsidir ki, birbaşa olaraq Prezident Administrasiyası ilə Baş nazirin Administrasiyası arasında xəttin olması, bundan əlavə, 4 kəndi heç bir atəş açmadan Azərbaycana təhvil verilməsi kimi əsas təfərrüatları önəmli hal hesab edə bilərik”.
Politoloq Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin uğurla davam etdiyini də vurğulayıb:
“Belə ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesləri hələ də davam edir və bir sıra mühüm irəliləyişlər qeydə alınıb. Bu da sülh müqaviləsinin imzalanması uğrunda uğurlu bir addımdır. Təbii ki, biz Ermənistanın Qərbmeylli siyasətini, təxribatçı addımların da görürük. Lakin bütün bunların ya sülh müqaviləsinin hələ ki imzalanmaması, ya daxili publika, ya da revanşlar üçün hesablandığını fikirləşirəm”.
Mayıl Soltanov
www.yenicag.az