Sülh müqaviləsinin bir addımlığında : "Vaşinqtonda tarixi addım atıla bilər"
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Donald Trampın da Nobel sülh mükafatına yolunu açar”
Bu sözləri Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşüb, sülh müqaviləsinin Vaşinqtonda imzalanma ehtimalını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Yusif Bağırzadə bildirib ki, Vaşinqton variantının baş verməsi yüksək ehtimallıdır:
“Dəfələrlə bildirmişik ki, sülh müqaviləsinin bağlanması realdır. Sentyabr ayına qədər böyük ehtimalla hansısa sənəd imzalana bilər. Söhbət sülh sazişindən getmir, bu, çərçivə sazişi və ya niyyət protokolu ola bilər. Nəzərə alsaq ki, Abu-Dabidə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında 5 saatlıq görüş keçirilib, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri pozitiv bəyanatlar veriblər. Nəinki sülh müqaviləsi, Zəngəzur dəhlizi ilə bağlı da müsbət mesajlar mövcuddur. Ehtimal çox böyükdür.
Müqavilənin məkanına gəldikdə isə, dəhliz məsələsini nəzərə alaraq, bunun ABŞ-da baş tutma ehtimalı mümkündür. Bu, təhlükəsizlik baxımından hər iki ölkə üçün zəmanət olardı. Bundan sonra isə Azərbaycan ABŞ ilə NATO-dan kənar bir sənəd imzalaya bilər. ABŞ-ın 20-dən çox dövlətlə belə bir sənədi var. Bayden dönəmində Ermənistanla Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Azərbaycanla ABŞ arasında da müqavilə imzalanması ehtimalı yüksəkdir və bu, kifayət qədər ciddi sənəd olacaq. Əslində, belə bir sənəd əvvəllər də ABŞ tərəfindən təklif olunmuşdu.
Donald Trampın Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə ehtiyacı var. Sülh müqaviləsinin imzalanması Trampın Nobel sülh mükafatına layiq görülməsi üçün də böyük bir imkan yaradır. Trampın buna ehtiyacı var.”
Səxavət Məmməd