Sumqayıtda Ahıllar Günü
Beynəlxalq Ahıllar Günü münasibətilə Sumqayıtda 200 nəfər tənha, kimsəsiz ahılların, müharibə və əmək veteranlarının, qaçqın və köçkün ailələrdən olan qocaların iştirakı ilə bayram tədbiri keçirilib.
Şəhər rəhbərliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə böyüklərə hörmət və ehtiramın xalqımızın milli xüsusiyyəti olduğu bildirilib.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, dövlətin ahıllara humanist münasibəti ulu öndər Heydər Əliyevin əhalinin sosial müdafiəsinə yönəldilmiş siyasi kursunun uğurla həyata keçirilməsinin sübutudur.
Bayram süfrəsinin arxasında əyləşən ahıllar bir-birini əvəz edən gözəl musiqi sədaları altında rəqs edib, əyləniblər.
Tədbirin sonunda tənha, kimsəsiz ahıllara, müharibə və əmək veteranlarına Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanmış ərzaq bağlamaları paylanılıb. Yataq xəstələrinə ərzaq bağlamaları könüllülər tərəfindən evlərində çatdırılıb.
Qeyd edək ki, Sumqayıtda 800-dən çox ahıl vətəndaş Azərbaycan Qızıl Aypara Cəmiyyəti şəhər bölməsinin xüsusi himayəsindədir. Bölmənin əməkdaşları və könüllülər onların məişət problemlərinin həll olunmasına yardım göstərir, ahıllara ərzaq məhsulları və iynə-dərman alıb gətirirlər. (azertag.az)