Süni intellekt artıq qəlbimizə də YOL TAPIR – Psixoloqdan ciddi XƏBƏRDARLIQ
Fantastik filmlərdə gördüyümüz robot-insan münasibətləri artıq reallığa çevrilir. Süni intellekt və chatbotlar təkcə məişətimizin deyil, həm də hisslərimizin bir hissəsinə çevrilməyə başlayıb. Tənhalıq, darıxmaq və emosional dəstək ehtiyacı insanları chatbotlarla daha çox ünsiyyət qurmağa sövq edir.
Yenicag.az-a açıqlama verən psixoloq Samirə Bağırova bildirib ki, bu tendensiya xüsusilə Avropa və Qərb ölkələrində daha geniş yayılıb:
“Chatbotlar və süni intellekt proqramları insanların ehtiyac duyduğu cavabları müəyyən qədər verir. İnsanların çoxu dərindən düşünmə qabiliyyətinə malik deyil və bu səbəbdən onlara verilən cavablar kifayət edir”.
Psixoloqun sözlərinə görə, insanların chatbotlara meyl etməsinin əsas səbəbi dinlənilmək ehtiyacıdır:
“Chatbotlar, insanları dinləyir, heç bir tənqid etməyən, sözünü kəsməyən və “səhv deyirsən” deməyən bir platforma təqdim edir. Bu, insanlara rahatlıq və dəstək verir onlar fikirlərini və hisslərini sərbəst ifadə edə bilirlər və eyni zamanda tərif və dəstək alırlar. Bu cür verilən cavablar bəzi insanlara yetərli olur”.
Samirə Bağırova qeyd edib ki, bu vəziyyətin müsbət tərəfləri ilə yanaşı, təhlükəli nəticələri də var:
“Burada balansı qorumaq çox vacibdir, çünki narahatlıq doğuran tərəf ondan ibarətdir ki, chatbotlar özlərini təbii insan reaksiyalarına yaxın göstərir və bu, emosional asılılığa səbəb ola bilər. İnsan yalnız chatbotlar vasitəsilə özünü daha rahat hiss etməyə başlayır, bu da onu sosial münasibətlərdən uzaqlaşdıra və təkliyə sürükləyə bilər. Beləliklə, bir növ qaçış mexanizmi yaranır: insanlar “məni heç kim anlamır” və ya “fikir bildirsələr belə, artiq onu qəbul etmir” düşüncəsinə qapılır və düşünür ki, chatbot (məsələn, ChatGPT) ən doğru cavabı verir”.
Psixoloq həmçinin maraqlı bir müşahidəsini də paylaşıb:
“Bir xanım mənə demişdi ki, ətrafındakı insanlar artıq psixoloqa getmək əvəzinə chatbotlarla danışırlar. Onlar suallarını verir və cavabları kifayət qədər yetərli sayırlar. Bəzi insanlar da başa düşürlər ki, bu, bir neçə insan tərəfindən yaradılmış xüsusi bir süni intellektdir və onun əsas məqsədi insanları təmin etməkdir. Mən özüm də sınaq üçün belə suallar vermişəm və etiraf edim ki, ChatGPT məni tam qane etmir”.
Samirə Bağırova vurğulayıb ki, chatbotların “ideal partnyor” obrazına çevrilməsi real münasibətlər üçün ciddi risk yaradır:
“İnsanlar qüsursuzluq axtarışındadır və chatbotlar heç səhv etməyən, həmişə anlayışlı cavablar verən bir ‘ideal’ obraz yaradır. Bu isə cəmiyyətin ən böyük problemlərindən biri – mükəmməllik kompleksini daha da dərinləşdirir”.