Suriya kürd qüvvələrini nəzarətə ALIR: Yeni razılaşmanın arxasında NƏLƏR VAR?
“Suriya hökuməti ona baş qaldıran qruplara nəzarəti əlinə almağa çalışır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
Analitik YPG/PKK ilə əlaqəli SDQ qüvvələrinin Suriya hökumət qüvvələrinə inteqrasiya olunması prosesini şərh edib:
“Suriyada hazırda hakimiyyətdə olan Əhməd əş-Şaraa hökuməti ilə kürd qrupları arasında müəyyən razılıq əldə olunmuşdu ki, bu qüvvələr hökumət qüvvələrinə inteqrasiya olunacaq. Bəzi qrupların arasında razılaşma var idi, amma bu qrupların taleyi öz əlində deyil. Bu qruplar müxtəlif xarici ölkələrin əlində faktiki olaraq oyuncağa çevrilib və onların aləti kimi fəaliyyət göstərirlər. Bu qruplar PKK-nın uzantısı qismində çıxış etdiklərinə görə onların Türkiyə-Suriya münasibətlərini pozmaq üçün əlindən gələni etdiklərinin şahidi oluruq. Eyni zamanda xaricdən tapşırıq aldığı dövlətlərin istəyinə uyğun şəkildə hərəkət edirlər. Buna görə onların tam şəkildə dövlət orqanlarına transfer etmək, onları dövlət əhəmiyyətli vəzifələrə inteqrasiya etmək çox çətin prosesdir”.
Politoloq qeyd edib ki, Türkiyə hökuməti ABŞ-nin razılığı ilə Suriyada terroru bitirmək və birlikdə hərəkət etmək niyyətindədir:
“Şübhəsiz ki, Türkiyə və ABŞ arasında Suriyada razılıq əldə olunub. Post-Əsəd rejimi dövründə də Tramp Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəyini bəyan etmişdi. Bütün bunlar onu göstərir ki, faktiki olaraq iki ölkənin münasibətlərində Suriyada birlik var. Tramp administrasiyası ilə Türkiyədəki Ərdoğan hökuməti Suriyada birlikdə prosesləri həyata keçirirlər. Bu proseslərin ən başlıcası YPG və PYD uzantılarının silahı buraxması və özünü ləğv etməsidir. Bu PKK-nın silahı buraxmağa başlamasından sonra Türkiyə üçün həyata keçirilən çox vacib bir məsələdir”.
PKK-nın silahı yerə qoyması və Türkiyənin sərhədlərində təhlükəsizliyin təmin edilməsi Türkiyə tarixinin ən vacib qərarlarından biri olacağını bildirən müsahibimiz bu prosesin gerçəkləşmə ehtimalından danışıb:
“Həm də bu Türkiyə tarixində ən mühüm dəyişikliklərdən biri olacaq. Bu bölgədəki terrorizmin sonlandırılması anlamına gəlir ki, bu da Türkiyə üçün çox vacib məsələdir. Türkiyənin təhlükəsizliyi həm də sərhədlərindən keçir. Sərhədlər təhlükəsiz olmalı, “boz zonalar” olmamalıdır, Türkiyəyə düşmənçilik münasibəti bəsləyən kənar qüvvələr olmamalıdır ki, Türkiyə öz daxilində olan həmin terrorizm bəlalarından xilas ola bilsin. Böyük ehtimalla, Ərdoğan hakimiyyəti Trampa bunu izah edib və konkret olaraq da həmin qüvvələrə vaxt qoyulub ki, bu müddət ərzində dünya birliyinin tanıdığı Suriyanın mövcud hökumətinə transfer olmalıdırlar”.
Sonda Suriyada bəzi qüvvələrin aktivləşməsindən danışan Z. Əmrəliyev bu aktivliyin mümkün aqibətini də şərh edib:
“Ola bilər ki, bəzi fərqli qruplar bu prosesdən kənarda qalmaq istəyərlər, böyük ehtimalla, ABŞ və Türkiyənin dəstəyi ilə Əhməd əş-Şaraa höküməti həmin qrupları tərki-silah edərək öz nəzarəti altına alacaq”.
Nurlan Cəfəri