Suriyada “siçan-pişik oyunu”: SDQ-nin “qismən inteqrasiya” oyununa qarşı Ankaranın QIRMIZI XƏTTİ
PKK-ya yaxınlığı ilə seçilən Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya rəhbərliyi arasında 10 martda imzalanan “inteqrasiya razılaşması”nın icrası üçün verilən son tarix – 31 dekabr yaxınlaşdıqca, həm SDQ, həm də Ankara tərəfindən səslənən açıqlamalar bölgədə gərginliyi artırır.
Yenicag.az-ın araşdırmasına görə, SDQ tərəfi bildirir ki, onlar yalnız qismən inteqrasiyaya razıdırlar. SDQ-yə yaxın mənbələrin sözlərinə görə, müəyyən hərbi dəstələrin bütöv şəkildə Suriya ordusuna qatılması müzakirə olunur, amma əsas qüvvənin Rakka–Haseke xəttində, yəni Suriyanın şimal-şərqində qalması planlaşdırılır. SDQ rəhbərliyi bu prosesi daha çox “hərbi-texniki düzəliş” kimi təqdim etməyə çalışır, şimal-şərqdə qurduqları siyasi və hərbi nəzarəti isə qorumaqda israr edir.
Gələn məlumatlar onu da göstərir ki, SDQ şimal-şərqdəki “asayiş” və mülki idarəetmə qurumlarının tam şəkildə Dəməşqə tabe edilməsini qəbul etmək istəmir. Yəni təşkilat kağız üzərində müəyyən dəyişikliklərə razılıq versə də, faktiki olaraq mövcud vəziyyətin – öz nəzarətlərində olan idarəetmə modelinin – böyük ölçüdə davam etməsini hədəfləyir.
Bu fonda Türkiyə açıq şəkildə daha sərt mövqe nümayiş etdirir. Ankara bildirir ki, SDQ daxilində Suriyadan olmayan silahlı şəxslər ölkədən çıxarılmalı, suriyalı döyüşçülər isə yalnız fərdi qaydada Suriya ordusuna qoşula bilər. Türkiyə SDQ-nin hər hansı şəkildə “blok halında” və ya bütöv bir təşkilat kimi Suriya ordusuna inteqrasiyasını PKK/YPG-nin rəsmi status qazanması cəhdi kimi dəyərləndirir və bunu qəti şəkildə rədd edir.

Məsələni şərh edən təhlükəsizlik və terror mövzuları üzrə ekspert Güngör Yavuzarslan da SDQ-nin mümkün addımları barədə diqqətçəkən fikirlər səsləndirib.
Yavuzarslanın sözlərinə görə, bu günə qədər inteqrasiya istiqamətində ciddi, praktik bir irəliləyiş yoxdur, əksinə bəzi yerlərdə – xüsusilə Hələb ətrafında – Şam qüvvələri ilə SDQ arasında gərginlik müşahidə edilir. O bildirir ki, SDQ-dən sızan məlumatlar təşkilatın yalnız məhdud sayda birliyin Suriya ordusuna bütöv şəkildə verilməsini, əsas qüvvənin isə yenə şimal-şərqdə saxlanılmasını nəzərdə tutduğunu göstərir. Yavuzarslan deyir ki, SDQ idarəetmənin tam inteqrasiyasını müzakirəyə belə çıxarmır, sadəcə hərbi qüvvələrinin kiçik bir hissəsini simvolik addım kimi mərkəzi orduya yönəltmək niyyətindədir.
Ankaranın şərtlərinə toxunan Yavuzarslan qeyd edir ki, Türkiyənin istədiyi model SDQ-nin tam ləğv edilməsi, bu adın tamamilə ortadan qalxması və yalnız sıravi suriyalı döyüşçülərin Suriya dövlətinin rəsmi hərbi və təhlükəsizlik qurumlarına paylanmasıdır. Onun fikrincə, SDQ bu tələblərdən xeyli uzaqdadır və hazırkı şərait yaxın vaxtlarda bu istiqamətdə kəskin bir dəyişiklik olacağına işarə etmir. O ehtimal edir ki, SDQ bu ay ərzində yalnız az sayda birliyin qoşulmasını təmin edə bilər və bunu da həm Türkiyənin reaksiyasını yumşaltmaq, həm də vaxt qazanmaq üçün istifadə edəcək.
Yavuzarslan əlavə edir ki, SDQ-də qərar verən əsas qrup ABŞ-la birlikdə hazırladıqları plan çərçivəsində özlərini beynəlxalq aləmdə daha “qanuni tərəf” kimi göstərməyə çalışır. Onun fikrincə, onlar Türkiyədə terrorla mübarizə və “sakit dövr” ilə bağlı aparılan müzakirələrdən öz maraqları naminə istifadə etməyə çalışırlar. Bu üzdən 2025-ci ilin son ayı, xüsusən də dekabr ayı proses üçün dönüş nöqtəsi sayılır. Yavuzarslan xatırladır ki, Türkiyənin mövqeyi xarici işlər naziri Hakan Fidanın Doha Forumundakı çıxışında açıq şəkildə ifadə olunub: PKK ilə əlaqəsi olan heç bir strukturun – adı nə olursa-olsun – rəsmi Suriya ordusuna “təşkilat kimi” daxil olması Türkiyə tərəfindən qəbuledilməz sayılır.
Nəticə etibarilə, SDQ-dən gələn “qismən inteqrasiya” siqnalları, Şam rəhbərliyinin 31 dekabr üçün verdiyi sərt xəbərdarlıqlar və Ankaranın açıq “təşkilat şəklində qoşulmaya razılıq yoxdur” mövqeyi fonunda, Suriyanın şimal-şərqində yaxın günlərdə həm diplomatik, həm də hərbi təzyiqlərin artacağı gözlənilir.
Amir Aqiloğlu












