Məkkədə Suriya prezidenti Əhməd əş-Şaraanın yanında qara hicab və plaş geyinərək görüntülənən qadın sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Suriya lideri ilə Kəbəyə daxil olan və medianın qarşısına ilk dəfə çıxan bu qadının əş-Şaraanın həyat yoldaşı olub-olmaması ilə bağlı suallar isə keçən həftə artıq yerli medianın maraq dairəsinə düşmüşdü.
Yenicag.az xəbər verir ki bu barədə “Oda TV” məlumat yayıb.
Nəşrin məlumatına görə, müzakirələrdən qısa müddət sonra məlum olub ki, həmin şəxs prezidentin həyat yoldaşı Lətifə əl-Durubidir.
Bildirilir ki, əş-Şaraa onu ilk dəfə iki həftə əvvəl Suriyada yaşayan amerikalı qadınları təmsil edən bir heyətə təqdim edib:
“Prezident bu görüşdə həyat yoldaşı ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib. O, sosial mediada yayılan xəbərlərin əksinə, yalnız bir həyat yoldaşının olduğunu və onu çox sevdiyini bildirib. Toplantıda iştirak edənlər Lətifəni mədəni və zərif bir xanım kimi xarakterizə ediblər. Qeyri-rəsmi mənbələrə görə, Lətifə əl-Durubi ərəb dili və ədəbiyyatı üzrə magistr dərəcəsinə sahibdir”.
Kanal əlavə edib ki, 3 övlad anası olan Lətifə əl-Durubi Hüms vilayətinin Əl-Qaryatayn qəsəbəsindəndir:
“Burada əhalinin təxminən 80 faizi xristian, qalanı isə müsəlmandır. Durubi ailəsi Suriyanın ən zəngin ailələrindən biridir və ölkənin ali burjuaziyasını təmsil edir. Onlar uzun illər siyasətdə təsirli rol oynayıblar. Suriya baş nazirləri və yüksək vəzifəli dövlət məmurları arasında da bu ailənin üzvləri olub”.
Lakin portalın mənbələri Lətifənin bu ailə ilə qohum olmadığını, əksinə, sadəcə onlarla soyad bənzərliyi olduğunu bildirib.
Qeyd edək ki, Türkiyənin bəzi xəbər saytlarında Osmanlı dövründə səfir və vali olmuş Əlaəddin əl-Durubinin yeni birinci xanımın ulu babası olduğu iddia edilib. Ancaq bu məlumat həqiqəti əks etdirmir. Digər maraqlı fakt isə prezident Əhməd əş-Şaraanın doğum tarixi ilə bağlıdır. Belə ki, “Əl-Ərəbiyyə”yə müsahibəsində Şara bildirib ki, əsl doğum günü 29 oktyabr olsa da, vətəndaşlıq reyestri əməkdaşının səhvi ucbatından onun doğum tarixini 29 iyul kimi qeydə alıb.
Rafi Müslümov
www.yenicag.az