Şuşada Media Forum: Prezidentin çıxışı Azərbaycan siyasətinin güzgüsünə ÇEVRİLDİ

media-hightechnic-468x90

“Forumda Prezidentin toxunduğu məsələlər, ona ünvanlanan suallara verdiyi cavablar, həmçinin çıxışında diqqətə çatdırdığı mövzular düşünürəm ki, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin aynası idi”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O, Milli Mətbuatın 150 illiyi fonunda gələcək perspektivlərdən danışıb.

Deputat bildirib ki, Qarabağımızın cənnət məkanı olan Şuşada növbəti Qlobal Media Forumu öz işinə başladı:

“Prezident İlham Əliyevin bu forumda iştirakı və çıxışı növbəti dəfə tarixi əhəmiyyət daşıyan hadisəyə çevrildi. Forumda Prezidentin toxunduğu məsələlər, ona ünvanlanan suallara verdiyi cavablar, həmçinin çıxışında diqqətə çatdırdığı mövzular düşünürəm ki, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin aynası idi. Peşəkar mediamız hər zaman olduğu kimi Prezidentin çıxışında irəli sürdüyü məsələləri işıqlandırmaqda və dünya ictimaiyyətinə çatdırmaqda fəal rol oynaması da xüsusi qeyd olunmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan mediası bu gün 150 illik yubileyini qeyd edir:

“Hələ 150 il əvvəl böyük ustad Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatı ötən müddət ərzində həm çətin, həm də şərəfli yol keçib. İndi isə Azərbaycan jurnalistikası sağlam dəyərləri, dövlətçilik və azərbaycançılıq prinsiplərinə sədaqəti ilə mühüm nailiyyətlər əldə edir, böyük qələbə qazanır”.

Müsahibimiz diqqətə çatdırıb ki, bu qələbənin arxasında Azərbaycan ideologiyası, azərbaycançılıq düşüncəsi, milli ruh, xalq-dövlət-torpaq təəssübü, ədalət və obyektivlik prinsipləri dayanır:

“Dərc edilən hər informasiyada ilk olaraq xalqın maraqlarını qorumaq, dövlətin strategiyasına uyğun informasiya yaymaq jurnalistikanın həm etik, həm də estetik mahiyyətindən irəli gələn əsas prinsiplərdən biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycan mediasının yalnız ölkəmizdə deyil, dünyada da böyük nüfuza sahib olduğunu vurğuladı. Bu gün mətbuatımızım gündəmə gətirdiyi mövzular internet mühiti vasitəsilə bütün dünyaya yayımlanır. Belə olan halda biz yazdığımız materiallarda, cəmiyyətə çatdırdığımız informasiyalarda son dərəcə diqqətli olmalıyıq”.

J. Əliyevaya görə, biz 44 günlük Vətən müharibəsindəki qələbəmizi də 3 əsas amillə əlaqələndiririk:

“Bunlar dövlət, ordu və xalq birliyidir. Eyni zamanda bu qələbədə mətbuatımızın da danılmaz rolu vardır. Həmin günlərdə cəmiyyətə və dünyaya düzgün, sağlam informasiyaların ötürülməsi, Azərbaycanın keçirdiyi əməliyyatların, döyüşlərin obyektiv şəkildə işıqlandırılması, informasiya cəbhəsində əldə olunan uğurlar, azı tank hücumları qədər vacib idi. Bugünkü sağlam jurnalistika öz kökünü və təməlini birbaşa azərbaycançılıq ideyalarından, Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi ideyalardan alır. Azərbaycan jurnalistikası bu ideyalara əsaslanaraq yaşayır, inkişaf edir, dövlət tərəfindən qayğı ilə əhatə olunur və himayə edilir”.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600