Tağıyev qəsəbəsindəki faciədən xəbər var: Dəm qazından zəhərlənən uşaqlar evə buraxıldı
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində zərərçəkən digər azyaşlının vəziyyəti hələ də ciddiliyini qoruyur. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti ağır stabil olaraq qalır.
Xatırladaq ki, aprelin 2-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəhşətli hadisə baş vermişdi. Bir ailənin 6 üzvü dəm qazından zəhərlənmiş, hadisədən bir gün sonra – aprelin 3-də ailənin 2 yaşlı qızı xəstəxanada vəfat etmişdi.
Hazırda həkimlər vəziyyəti ağır olan digər uşağın həyatını xilas etmək üçün mübarizəni davam etdirirlər.













