11:10
“İntizam komissiyası xəsarət yetirmə ilə bağlı rəy verib, vəzifə səlahiyyətlərini aşma ilə bağlı deyil”.
Bu fikirləri avqustun 3-də Milli Məclisin iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsi müzakirə edilərkən həmkarını müdafiə edən millət vəkili Tahir Kərimli Yenicag.az-a açıqlamasında parlamentdəki çıxışı zamanı səsləndirdiyi ifadələrə aydınlıq gətirərkən deyib.
Tahir Kərimli toxunulmazlığı olan deputatın gizli səs yazısının qeydə alınmasının qanunsuz olduğunu qeyd edib:
“Vətəndaşın özünün xəbəri olmadan onun səsi yazıla bilməz. İkincisi, xüsusən deputat toxunulmazlığı olan şəxsin gizli səs yazısının qeydə alınması üçün heç bir orqan qərar çıxara bilməz. Bunlar hamısı qanunazidd əməllərdir. Çox təəssüf edirəm ki, mən orada qanunu tələb etdim, ancaq… İntizam komissiyası xəsarət yetirmə ilə bağlı rəy verib, vəzifə səlahiyyətlərini aşma ilə bağlı deyil. Mən də onu dedim ki, əgər vəzifə səlahiyyətini yerinə yetiribsə və deputatdırsa, hər kəs ona vəzifə səlahiyyətini yerinə yetirməyə kömək etməlidir. Mən qanunu tələb etmişəm. Hər yerdə yayırlar ki, Tahir Kərimli qanunsuzluğa səsləyir…
Məsələ ondadır ki, qanun tələb edir ki, xəsarət yetirilibsə, araşdırma aparan orqanlar özü barışıq təklif etməlidir. Xəsarətlə cinayət işi qaldırılmalıydı. Bəlkə sonra barışacaqdılar. Amma buna vəzifə səlahiyyətlərini aşma maddəsi verilib. Hansı səlahiyyət həddini aşıb axı? Əgər səlahiyyətini yerinə yetiribsə, polisin həddi nədir ona mane olsun? Doğurdan, bunlar başa düşə bilmirlər ki, “polisin yiyəsi var, deputatın yiyəsi yoxdur” nə deməkdir?”
Tahir Kərimli sözügedən məsələdə xalqın obyektiv mövqe tutmadığını bildirib:
“Mən insanları polis özbaşınalığından qorumaq istəyirəm. Əgər bu gün sənin uşaqpulunu tələb edən, qaz, su və işıqpulunun azaldılmasını istəyən, deputatın deyil, xalqın yüksək maaş almasını tələb edən Tahir Kərimlini söyürsənsə, bahalaşma, korrupsiya edənləri, polis dəyənəyi ilə insanları hədələyənləri müdafiə edirsənsə, sən özün öz taleyini həll edirsən. Tələb edirlər ki, Tahir də tutulsun. Hə tutulsun, Tahir Kərimlini də atın polis özbaşınalığının ağzına. Xalq ləzzət alacaq? Rəhmətlik Aydın deyirdi ki, xalq qəhrəmanını ya dar ağacında görmək istəyir, ya tribunada. Bu xalq nə qəribə xalqdır, başım çıxmır, vallah”.
Millət vəkili incikliyinin xalqdan olduğunu vurğulayıb:
“Bu cavanlığından qoşulub YAP-a özünə karyera düzəltmək istəyib. Kimsəsiz bir adamdır. Bu adam kənardan gördüyüm qədərilə mərifətli adamdır. Ömründə onunla bir kəlmə danışmamışam. Ay saxta seçilib, nə bilim, nə. Sənə görə saxta seçilib də. Tahir Kərimlinin saxta seçilməyə ehtiyacı var?! Sənə görə bu saxta seçkilər olur! Sən, xalq, haqqını müdafiə etmirsən! Haqqını müdafiə edənin arxasında durmursan. Bildik də, təyin olunub, saxta seçilib… Sən onu qoyub özbaşınalığı müdafiə edirsən? Mənim incikliyim böyük xalqımdandır…
Hüquqşünas var. Deyir, Tahir Kərimli klanın mənafeyini müdafiə edir. Tahir Kərimli hansı klandır? Yüzlərlə insan bunun yalanını müdafiə edir. Klan nədən ibarətdir? Tahir Kərimlinin maaşından başqa gəliri yox, vəzifəli adamla qohumluğu yox.. Sən utanmırsan?”
Aqil Bəkir