Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.
Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.
O qeyd edib ki, Mərkəzi Bankın əsas siyasəti pul siyasətidir, məzənnə siyasəti deyil: “Mandatımız makro-iqtisadi sabitliyin, qiymət sabitliyinin təmin edilməsidir. Məzənnə rejimi bizim pul siyasətimizin bir çərçivəsidir. Qiymət sabitliyinin təmin olunması üçün hər hansı bir rejim tələb olunacaqsa, Mərkəzi Bank, sözsüz ki, hökumətlə koordinasiya edərək o rejimi tətbiq edəcək. O ki qaldı məzənnə sabitliyinə, düşünürük ki, bu, bugünkü makroiqtisadi sabitlik üçün ən əlverişli rejimdir”, – deyə o əlavə edib.
www.yenicag.az