“Sizdən adam olmayıb, olmayacaq da…”
Milli kinomuzun incilərindən olan “Yol əhvalatı” filmindən bu məşhur ifadəni təsadüfən xatırlamadım.
Yenicag.az xəbər verir ki, bu məşhur frazanın müəllifi olan Xalq artisti Səyavuş Aslanın doğum günüdür.
“Özümüz bilərik”də İbişov, “Altı qızın biri Pəri”də Firuzbala, “Ulduz”da Şubay, “Hicran”da Dadaşbala, “Qaçırılmış qız”da Qəmzəli, “Lənət sənə, kor şeytan”da Misir Nəsir, “Əlli yaşında cavan”da Orduxan bəy kimi obrazlarla yadda qalan aktyor eyni zamanda, filmlərdə də hafizələrdə yaşayır.
Aktyorun “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Ulduz”, “Yuxu”, “Hacı Qara”, “Əhməd haradadır” və s. filmlərdəki rollarını gözümüz önünə gətirəndə istər-istəməz üzümüzə bir təbəssüm qonur.
Səyavuş Aslan o aktyorlardandır ki, yerini heç kim doldura bilməyib. İstər kinoda, istərsə də, teatrda onun yeri bu gün də görünür.
Amma sənət aləmində xoşbəxt aktyor olsa da, taleyi heç də bəxtəvər olmadı. Hamını güldürsə də, tale üzünə gülmədi aktyorun. Şəxsi həyatını doya-doya yaşamaq ona nəsib olmadı. Sevib-seçdiyi həmkarı, sevilən aktrisa Ofeliya Aslanla ömür yolu haçalandı. Teatr və kinodan da küskün düşdü. Özünə qapıldı, səhnədən uzaqlaşmaq onun sağlamlığına da ağır zərbə vurdu. Ömrünün son günlərini xəstə yatağında keçirdi.
Amma bu gün yaratdığı obrazları ilə yenə də ömrünü davam etdirir aktyor.
Cəvahir
www.yenicag.az