“Əgər zamanı gələndə bu sənət bizi dolandırmırsa, onda niyə illərimizi verib diplom almışıq, bu sahədə can qoymuşuq?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.
O, “hər hansı filmə, yaxud da seriala dəvət alarkən tələbiniz olurmu” sualıın cavablandırıb:
“Hər peşəkar aktyor və aktrisanın çəkiliş öncəsi öz tələbi olur ki, bu da normaldır. Çünki illərdir bu sənətdə can qoyan insanın təbii ki, öz tələbləri də olmalıdır. Əgər zamanı gələndə bu sənət bizi dolandırmırsa, onda niyə illərimizi verib diplom almışıq, bu sahədə can qoymuşuq? Bizim bir çox aktyorlarımız var ki, dövlət işində, teatrlarda çalışmırlar. Onlar nə etməlidirlər? Dolanmaq üçün gedib dilənçilik etməlidirlər?
Özünə hörmət edən insan özünəməxsus zəhmət haqqını da istəyir. O zaman artıq narazılıq yaranır ki, niyə aktyora bu qədər qonorar verməliyəm? Ondansa elə küçədən keçən birini gətirib cüzi məbləğə, ya da pulsuz çəkərəm və çəkiliş də havayı başa gələr. Amma ucuz ətin şorbası olmaz. Əlbəttə ki, bunu hamıya şamil etmirəm, amma belə hallar da baş verir. Aktyor da hamı kimi yaşamaq, dolanmaq istəyir. Onun da hamı kimi ailəsi balası, atası, anası var. O da insan kimi yaşamaq istəyir. Buna görə də çəkiliş öncəsi bir çox aktyorların ilk tələbi qonorarla bağlı olur”.
Cəvahir
www.yenicag.az