“Təəssüflər olsun ki, bu gün cəmiyyətdə, o cümlədən də cəmiyyətin bir parçası olan yeniyetmələrdə sevgi, mərhəmət kasadlığı yaşanır…”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Günel Həmidova deyib.
Aktrisa son vaxtlar orta məktəblərdə baş verən aqressiya, şiddət və dəhşətli hadisələrin əsasında sevgisizliyin dayandığını bildirib.
“Bu gün yeniyetmələri aqressiya, şiddət və digər neqativ hadisələrə sövq edən ən başlıca səbəb sevgisizlikdir. Valideynlərin övladlarına yetəri qədər sevgi ilə əhatə etməməsinin nəticəsidir ki, cəmiyyətdə aqressiya, şiddət, yeniyetmələr arasında yaşanan neqativ hadisələrin miqyası genişlənir. Bu xəbərləri eşitdikcə valideyn olaraq sarsılırıq. Etiraf etməliyik ki, cəmiyyətidə sevgi kasadlığı yaşanır. Yetəri qədər olmayan diqqətsizlik, qayğıdan kənar buraxılmlarının nəticəsidir ki, məktəblilər arasında xoşagəlməz insidentlər baş verir. Nədənsə çox vaxt sevgini birbaşa qadın-kişinin bir-birinə olan hissi kimi anlayırlar. Dramaturq Əli Əmirli “Kişi və qadın” əsərində gözəl bir məqama toxunub ki, çox vaxt o ülvi hissi özümüz kiçildib, bəsitləşdiririk.
Sevgi sırf qadın-kişi arasında hiss deyil, əslində, sevgi həm də mərhəmət duyğusudur. Təəssüflər olsun ki, o mərhəmət hissinin kasadlığı var yeniyetmələrdə. Təbii ki, mərhəmət hissi olmayan insanlar bir-birini bıçaqlayar, döyər, boğar, şiddət göstərər, hər cür neqativ hadisələrə əl atar. Valideynlərin üzərinə böyük məsuliyyət düşür, çünki biz vətənimiz, cəmiyyətimiz üçün vətəndaşlar böyüdürük, yetişdiririk. Diqqətli olmalıyıq. Çalışaq ki, övladlarımızı gur sevgi işığında böyüdək, onlara sonsuz mərhəmət hissi aşılayaq ki, yalnız insanları deyil, bütün canlıları sevsinlər. İnanın, insan sevgi dolu olarsa, mərhəmət duyğusu ilə bəslənərsə, o zaman sadaladığımız neqativ hadisələrin statistikası da azalacaq”.
Cəvahir
www.yenicag.az