“Teatrların sosial şəbəkələrdə ödənişli reklamı olmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova deyib.
Aktrisa son vaxtlar tez-tez səslənən “Teatrlar sosial şəbəkələrə uduzur” fikrinə münasibət bildirib.
O, insanların teatra olan marağını artırmaq üçün çıxış yollarını göstərib:
“Artıq hər bir sahə sosial mediadan istifadə etməlidir. Çünki artıq dövr dəyişib. Hamımızın əlində telefon var, istəsək də, istəməsək də, həyatımızda 99 faiz yer alıb. Mən də həmişə düşünürəm ki, artıq teatrlar da bu tendensiyaya qoşulmalıdır. Bütün teatrlar sosial şəbəkələrdə olan səhifələrini fəallaşdırmalıdır. Ödənişli reklamlar olmalıdır. Əlbəttə ki, dövrə uyğunlaşmaq lazımdır. Bəlkə də sosial şəbəkələrin aktiv istifadəçisi olan insanların heç 60 faizi teatra getmir. Amma canlı ünsiyyət vasitəsi olan teatrın da həmişə öz tamaşaçısı var. Sadəcə olaraq, elə tamaşaçılar ola bilər ki, heç vaxt teatrda olmayıblar, heç Azərbaycanda teatrların harada yerləşdiyini belə bilmirlər. Amma sosial şəbəkələrdə aktivlik, reklamlar olarsa, düşünürəm ki, hər kəs bundan xəbər tutar. Sosial şəbəkələrdən xeyrimizə istifadə etməliyik”.
Cəvahir
www.yenicag.az