“Gedirəm, sonra da dəfələrlə özümü söymüşəm ki, axı sən niyə bu verilişə gəldin, sənin yerin idi bu veriliş?”
Bu sözləri tanınmış aktyor, Əməkdar artist Hicran Nəsirova Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa televiziyalarda yayımlanan verilişlərlə bağlı tənqidi fikirlər səsləndirib və buna görə son vaxtlar efirə çıxmadığını və televizora baxmadığını bildirib:
“Aparıcı qonağı çağırır, sənət qalır qıraqda, başlayır suallar verməyə ki, toya neçəyə gedirsən, filankəsin toyuna nə qədər pul saldın və s… Müğənnilər bütün günü güdəm naminə verilişlərdə bir-birini qırır, ayıbdır, vallah, ayıbdır… Verilişlər dönüb dedi-qoduya, sanki rayonlarda ailə qalmayıb, küsüb gələnlər, ailəsi dağılanlar hamısı efirdədir. Ailə bu məsələləri evində həll etməlidir, verilişlərdə yox.
Biri var, televizora baxa-baxa inkişaf edəsən, biri də var, kütləşəsən. Mən heç, çünki artıq yaşıma görə gördüyümü gördüm. Bəs bu cavanlar yazıqdır axı… Zövqləri, mənəviyyatları aşınır. O verilişlərə baxa-baxa irəli getmək əvəzinə geri gedirlər. Günah aparıcılardadır. Rəhbərlik də nəzarət etmir. Gedirəm, sonra da dəfələrlə özümü söymüşəm ki, axı sən niyə bu verilişə gəldin, sənin yerin idi bu veriliş?”
Cəvahir
www.yenicag.az