Tanınmış aktyordan YUBİLEY ETİRAFI: “Allah mənə o qədər maddiyyat versin ki, başımı itirməyim” - MÜSAHİBƏ
Sumqayıtda dünyaya göz açıb. Dediyinə görə, həmin il dizəcən qar yağıb. Amma qışda doğulsa da, “yaydan ötrü ürəyi gedir, hətta 50 dərəcə isti olsa belə…” Bu gün onun doğum günüdür. Dizəcən qar yağmasa da, ürəyi qızmar yay fəsli kimidir.
Tanınmış aktyor, Əməkdar artist Elman Rəfiyevi deyirəm.

Pantomima Teatrı ilə adı qoşa çəkilən aktyor… Könül istərdi ki, onunla can qoyduğu, əmək verdiyi doğma teatrında görüşüb söhbətləşək. Amma günahı və səbəbi özündə olmadan doğma teatrından ayrı düşən Elman Rəfiyevlə belə bir görüş qismətimizdə olmadı.
Tezliklə belə bir görüşün Pantomima Teatrında gerçəkləşəcəyi arzusuyla 55 yaşlı yubilyarın Yenicag.az-a müsahibəsini təqdim edirik:

Təmtəraqlı doğum günləri keçirməyi sevirsinizmi?
Xeyr, təmtəraqlı doğum günündən uzağam. Bəzi insanlar doğum günlərini sanki toy edirmiş kimi qeyd edir. Toydakı kimi pul yazdırırlar, izdiham yaşanır; belə doğum günlərindən həmişə qaçmışam. Hətta övladlarıma belə öyrətmişəm ki, təmtəraqlı doğum günlərindən qaçsınlar. Öz ailənlə birlikdə keçirdiyin doğum gününün qiymətini heç nə verə bilməz. Təmtəraq sanki özünü kiməsə göstərmək üçündür. Mən özümü heç kimə göstərmək fikrində olmamışam.
Hansı yaşınız üçün darıxmısınız?
Çox maraqlı sualdır. 20-25 yaşım üçün darıxardım. Yenidən o vaxtlara dönmək istərdim. Əslində, heç vaxt keçmişə qayıtmaq istəməmişəm. Həmişə keçmiş haqqında yox, gələcək barədə düşünmüşəm. Məsələn, bu gün yaşımı soruşanda 55 yox, deyirəm 22 yaşım oldu. Beşi tərsinə çevirirəm, olur 2. Ruhən özümü çox cavan hiss edirəm və Allahın verdiyi bu ömrə görə çox şükür edirəm.
Bu ömrün hamısını doya-doya yaşamısınız, yoxsa yola verdiyiniz illər olub?

Hər günümü, hər ilimi doya-doya yaşayıb, bütün istəklərimi həyata keçirmişəm. Heç bir ili yola verməmişəm. Ümumiyyətlə, mənim leksikonumda “yola vermək” sözü yoxdur. Yaşayırsansa, layiqli yaşamalısan. Oxuyursansa, layiqli oxumalısan. Nəsə bir iş görürsənsə, layiqli iş görməlisən. “Yola vermək” sözü özü məni silkələyir. Məsələn, “Gəlin kinonu, tamaşanı yola verək” olmaz, sən hər şeyi layiqincə yaşamalısan.
Mümkün olsaydı, ömrünüzdən hansı ili silib atardınız?
Keçən ili silib atardım İlan ilini. Çünki keçən il ağır il oldu. İlan əvvəldən məni “sancdı” və düz bir ildir ki, işsizəm. Amma yenə də deyirəm, yəqin belə olmalıymış. Bunu da qəbullanmaq lazımdır. Silib atmaqla heç nə düzəlmir. Həyat bunu tələb etdi və kənarda qaldığım ildə düşüncələrimlə üz-üzə qaldım.
Aktyor kimi nəyin xiffətini çəkirsiniz?

Bu sənətə gələndə kinonu seçib gəlmişdim. 1992-ci ildə İncəsənət Universitetini bitirdim, lakin 2007-ci ilə kimi heç bir filmdə çəkilmədim. Həmin illərdə filmlərə çəkilmək istərdim. Bir çox müsahibələrimdə də demişəm, bu sənətə kinonu sevib gəlmişəm.
Bu yaşınızda Allahdan möcüzə istəsəydiniz, hansı möcüzənin gerçəkləşməsini istərdiniz? Ümumiyyətlə, möcüzələrə inanırsınız?
İstər-istəməz insanlar möcüzələrə inanır. Allahdan nə istərdim? Keçmiş illərdə arzusunda olduğun rolları oynamağı arzulayardım. Çünki mənim üçün çox maraqlıdır. Bu möcüzənin həyata keçməsini istərdim. Allahdan ən böyük möcüzəm o olar ki, mənə verdiyi ömrü sağlam yaşayım. Allah mənə elə bir ömür versin ki, canım sağlam olsun və mənə o qədər maddiyyat versin, başımı itirməyim. Çünki insan elədir ki, ona çox verilən maddiyyatdan çaşır.
Cəvahir












