“Baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, futbolçular əsl azərbaycanlı kimi döyüşdü”.
Bu fikirləri “Qarabağ” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək turnurun 1/8 finalına yüksəlməsi ilə bağlı təəssüratlarını bölüşən tanınmış aparıcı Günay Yelmarqızı Yenicag.az-a- açıqlamasında deyib.
O, bu möhtəşəm qələbədən sonsuz qürur hissi keçirdiyini bildirib:
“Qarabağ” mənim üçün hər zaman bir futbol komandasından daha artıq olub. Torpaqlarımız işğalda olanda “Qarabağ”ın Avropada hər çıxışı Qarabağın Azərbaycanın bir parçası olması reallığının dünyada etirafı idi. Bu gün “Qarabağ” da artıq öz tarixi evinə – Qarabağa qayıdıb və bu gün qalib ölkənin, Qarabağın, Ağdamın təmsilçisi kimi Avropa meydanlarında at oynadır.
Komandanın hər uğuruna sevinirəm, hər qarşılaşmasını böyük həyəcan, sevinc və qürurla izləyirəm. “Qarabağ” Azərbaycan futbolunun simvoludur. “Braqa” ilə qarşılaşmada bunu bir daha sübut etdi. Avropa Liqasının 1/8 finalına yüksəlməsi həm “Qarabağ”ın tarixində bir ilk, həm də Azərbaycan futbolunun tarixində şərəfli səhifə oldu. Tarixi qələbə bütün Azərbaycanın sözün yaxşı mənasında yuxusunu qaçırdı.
Baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, futbolçular əsl azərbaycanlı kimi döyüşdü. Doğrudan da, meydanda əsl komanda döyüşünün şahidi olduq. 19 yaşlı futboçu Nəriman Axundzadənin həlledici qolu bizə tarixi qələbə qazandırdı. Qürurluyam, sevincliyəm. Bütün komandaya təşəkkürlər. Ən böyük təşəkkür isə bu komandanı yaratmağı bacaran adama düşür.
Qurban müəllim hər zaman komandasının böyük gələcəyinə, biz isə ona inanmışıq. Çalışmalıyıq, deyirdi. Dedi və elədi. Bu komandada saç ağartdı. Əvəzində, həyatının şah əsərini -“ Qarabağ”ı yaratdı. Təşəkkürlər, “Qarabağ”ın Qurbanı, Qurbanın “Qarabağ”ı, Azərbaycan futbolunda tarix yazan adam, qürur duyuruq!”
Cəvahir
www.yenicag.az