“Azərbaycan bayrağı” ordenli Xocalı döyüşçüsü, əslən Axısqa türkü olan Sərvər Rəcəbov dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalist-publisist Nəzirməmməd Zöhrablı məlumat verib.
Sərvər Rəcəbov qaraciyər sirrozundan əziyyət çəkirdi.
Sərvər Rəcəbov Özbəkistanın Fərqanə vilayətindəki hadisələr zamanı oradan didərgin düşmüş Mesxeti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə o, Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət etməyə başlayıb. Xocalıya ermənilərin hücumları başlayan zaman S.Rəcəbov Xocalı özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edib. 1989-cu ildən 26 fevral 1992-ci ilə – Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmisi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.
Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Sərvər Rəcəbov vətən qarşısında xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. (avropa.info)
www.yenicag.az