“Əgər imtahandan söhbət gedirsə, ölkənin ən istedadlı söz adamları, dil mütəxəssislərini və mühəndisləri elə yazıçılardır”.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlərini Azərbaycan dili üzrə imtahandan keçməyə etdiyi çağırışı ictimaiyyətdə birmənalı qarşılanmayıb və bu təklifə qarşı çıxıblar.
Tanınmış yazıçı Firuz Mustafa Yenicag.az açıqlamasında məsələyə münasibət bildirib:
“Mən dəfələrlə yarızarafat-yarıciddi demişəm ki, vəzifəyə qəbul olunan məmurlar şifahi və test imtahanlarından keçsinlər. Heç olmasa, dünyagörüşləri haqda çalışacaqları qurumlarda bir qənaət olsun…
O ki qaldı yazıçılara, bəli, qələm əhli arasında da xeyli istedadlı və istedadsız savadsızlar var. Amma, əvvəla, savadla istedadı qarışdırmaq olmaz. Birincisi, bu “imtahan”ı kim keçirməlidir? İkincisi, əgər imtahandan söhbət gedirsə, ölkənin ən istedadlı söz adamları, dil mütəxəssisləri və mühəndisləri elə yazıçılardır. Təbii ki, hamı nəzərdə tutulmur. Üçüncüsü, bu “imtahan”ın xeyri nə olacaq? İmtahandan uğurla keçənin, heç olmasa, kitabı-filanı nəşr olunacaqmı? Qonorar veriləcəkmi? Hələ onu soruşmuram ki, “qalib”ə hansısa bir vəzifə veriləcəkmi?”
Cəvahir
www.yenicag.az