TDT dünya siyasətində hesablaşılacaq aktora çevrilib - RƏY
“Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə tarixi-mədəni bağlılığın ifadəsi deyil, həmçinin XXI əsrin geosiyasi reallıqları fonunda müstəqil qərar verən, öz gələcəyini özü müəyyən edən dövlətlərin strateji platformasıdır. Bu qurum Türk dünyasının əsrlər boyu formalaşmış mənəvi, mədəni və siyasi irsinin müasir beynəlxalq sistemdə praktik gücə çevrilməsinin təzahürüdür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O bildirib ki, bu gün dünya təkqütblü sistemdən uzaqlaşır, regional aktorların rolu artır:
“Bu şəraitdə TDT Avrasiya məkanında sabitlik, ədalət və əməkdaşlıq dayağı kimi yüksəlir. Türk dövlətləri birləşərək yalnız öz milli maraqlarını deyil, həm də regional və qlobal təhlükəsizliyə töhfə verən ədalətli beynəlxalq münasibətlər modelini formalaşdırırlar. TDT-nin Qəbələdə keçirilən XII Zirvə görüşü bu baxımdan tarixi hadisədir. Çünki bu toplantı Türk dünyasının gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının istiqamətini müəyyən edəcək. Azərbaycanın bu təşkilatdakı rolu artıq sadəcə “üzv ölkə” anlayışını çoxdan aşıb. Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə Azərbaycan Türk birliyinin lokomotivi, onun ideoloji və strateji xəttinin müəllifidir. Ölkə başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” fikri sadəcə bir bəyanat deyil, Azərbaycanın xarici siyasət fəlsəfəsini və milli kimliyinin beynəlxalq təzahürünü əks etdirir”.
Millət vəkili qeyd edib ki, məhz ölkə başçımızın təşəbbüsləri nəticəsində TDT formal birlikdən çıxaraq dünya siyasətində hesablaşılacaq aktora çevrilib:
“Azərbaycanın ev sahibliyi etdiyi Zirvə yalnız diplomatik hadisə deyil, həm də liderliyin və etimadın rəsmi təsdiqidir. Qırğızıstandan TDT sədrliyinin Azərbaycana keçməsi bu inamın siyasi ifadəsidir. Təşkilatın budəfəki mövzusu olan “Regional sülh və təhlükəsizlik” zamanın tələbidir. Türk dövlətləri yalnız iqtisadi müstəvidə deyil, təhlükəsizlik və müdafiə siyasətində də koordinasiyalı fəaliyyət istiqamətində irəliləyirlər. Gələcəkdə bu təşkilat çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə sənayesi üzrə sinerji təşəbbüslərinin reallaşması labüddür. Bu, yalnız Türk dünyasının müdafiə mexanizmi deyil, həm də regionda müstəqil təhlükəsizlik arxitekturasının qurulması istiqamətində tarixi addımdır. Eyni zamanda, TDT-nin iqtisadi potensialı da sürətlə genişlənir”.
V.Qafarovun sözlərinə görə, enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı və texnologiya kimi sahələrdə qarşılıqlı asılılıq, Türk iqtisadi məkanının vahid bazara çevrilməsi üçün zəmin yaradır:
“Xüsusilə Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu inteqrasiyanın nəqliyyat və enerji qovşağı kimi strateji mövqeyə malikdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrin iştirakı ilə həyata keçirilən bərpa və quruculuq layihələri həm iqtisadi həmrəyliyin, həm də Türk dünyasının bir ailə kimi fəaliyyət göstərməsinin real sübutudur. TDT-nin yalnız iqtisadi və siyasi deyil, həm də mədəni və ideoloji dayaqları getdikcə güclənir. Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY və digər institutlar vasitəsilə Türk mədəni kodları müasir dünyada qlobal brendə çevrilməkdədir. Bu, “yumşaq güc”ün ən effektiv formasıdır, çünki mədəni kimlik üzərində qurulan siyasi birlik daima dayanıqlı olur. Təşkilatın inkişaf xətti göstərir ki, bu birlik XXI əsrin Türk əsri olmasının əsasını qoyur. Bu təşkilat vahid strateji düşüncə, qarşılıqlı etimad və milli suverenliklərə hörmət prinsipləri üzərində formalaşır.”
Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji vizyonu nəticəsində Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri bu gün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyə əsaslanan yeni bir geosiyasi model yaradır:
“Dünya artıq görür ki, Türk dövlətləri birləşəndə onların səsi təkcə regionda deyil, qlobal səviyyədə də eşidilir. Bu, nə təkcə tarixi borcdur, nə də nostalji ideyadır. Bu, bəşəri ədalət və sabitliyə yönəlmiş müasir siyasi reallıqdır. Türk Dövlətləri Təşkilatının uğurları bir daha sübut edir ki, milli kimliyə əsaslanan əməkdaşlıq qlobal dəyərlərlə ziddiyyət təşkil etmir, əksinə, onları daha ədalətli əsasda tamamlayır. Prezident İlham Əliyevin təşəbbüsləri ilə TDT bu gün regional sabitliyin, iqtisadi inteqrasiyanın və mədəni həmrəyliyin əsas dayağına çevrilib. Qurum dünənin, bu günün və gələcəyin təşkilatıdır, həmçinin birliyə əsaslanan güc, ədalətə əsaslanan siyasət və mədəniyyətə əsaslanan kimlik modelidir”.
Məlik Məlikov