TƏBİB Ağdaşda baş verən faciəyə dair məlumat yaydı
TƏBİB Ağdaşda işlədiyi binadan yıxılaraq ölən fəhləyə dair məlumat yayıb.
Yenicag.az xəbər verir ki, artıq meyiti aidiyyəti üzrə təhvil verilib.
“İyunun 12-də saat 09:40 radələrində 1 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
1966-cı il təvəllüdlü şəxsə sağ saidin yuxarı üçdə birinin açıq yerdəyişən sınığı, döş qəfəsinin çoxsaylı sınıqları, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Vəziyyəti ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib”.
Xatırladaq ki, ölən şəxs 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb.