“Təəssüf doğuran budur ki, Azərbaycandan olan bir şəxs ermənilərlə eyni səfdə yer alır”
Azər Həsrət hesab edir ki, dövlətçilik maraqları gələndə iqtidar-müxalifət bölücülüyü olmamalı, hər kəs vətəndaş mövqeyi nümayiş etdirməlidir
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 10-11 may tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media azadlığı üzrə nümayəndəliyinin 14-cü Güney Qafqaz media konfransı keçirilib. Azərbaycanı həmin konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Jurnalist Şəbəkəsinin sədri Ayaz Mirzəyev və başqaları təmsil ediblər. Konfrans çərçivəsində təşkil olunan müzakirələrdə erməni təmsilçilər ciddi-cəhdlə Azərbaycan nümayəndə heyətinin çıxışlarına maneələr yaratmağa çalışıblar. Buna nail ola bilməyəndə isə Ermənistan mediasında konfransla bağlı qeyri-obyektiv, dezinformasiya xarakterli məlumatlar yaymağa, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər ediblər. Tbilisidə təşkil olunan konfrans, Azərbaycan nümayəndə heyətinin orada iştirakı, erməni təxribatı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını CASCFEN sədri Azər Həsrət cavablandırır.
– Azər bəy, Gürcüstanda təşkil olunan konfrans barədə media üzərindən az-çox məlumat aldıq. Amma istərdik ki, konfrans iştirakçısı kimi bir də Sizin dilinizdən həmin tədbir barədə eşidək. Konfrans necə keçdi, təəssüratlarınız necədir?
– Hər zaman olduğu kimi aktiv və dinamik bir tədbir idi. Bu dəfə də konfransda 3 Güney Qafqaz ölkəsindən, eyni zamanda ATƏT-in özündən nümayəndələr iştirak edirdi. Bununla yanaşı, tədbirə Rusiya, Litva və başqa Avropa ölkələrindən ekspertlər də təcrübələrini bizimlə paylaşmaq üçün dəvət edilmişdi. Təbii ki, bizim əvvəlcədən ehtimal etdiyimiz, gözlədiyimiz hallar bu konfransda da baş verdi. Konkret olaraq daha çox müzakirə olunan ölkə yenə də Azərbaycan oldu. Bu da ondan irəli gəlir ki, Azərbaycanda fikir plüralizmi üçün daha çox imkanlar var. Lakin Ermənistanda vəziyyət belə deyil. Həmin ölkədən gələn nümayəndə heyətinin üzvləri Ermənistan barədə deyə biləcəkləri, acı reallığı əks etdirən fikirləri söyləyə bilmədilər. Söhbət Ermənistan mediasının durumundan, sıxıntılar içində yaşamasından və sair faktlardan gedir. Gürcüstana gəldikdə isə, bu ölkənin nümayəndələri öz çıxışları ilə sadəcə konfransı “yola verdilər”. Gürcüstan mediası ilə əlaqədar çox ciddi müzakirələr getmədi. İki gün davam edən konfransda ən çox gündəmdə olan, daha çox müzakirə olunan, diqqət çəkən Azərbaycan oldu.
– Sizcə, digər iki ölkədən fərqli olaraq, Azərbaycanla bağlı məsələlərə konfransda daha çox diqqət ayrılmasına səbəb nə idi?
– Bir qədər əvvəl söylədiyim kimi, buna başlıca səbəb Azərbaycanda fikir plüralizmi üçün üstün imkanların olmasıdır. Yəni, Azərbaycanda insanlar söylədikləri fikirlərə görə təqib olunmurlar. Hər bir kəs istədiyi tənqidi istədiyi səviyyədə, istədiyi yerdə və ya ölkədə sərbəst şəkildə səsləndirə bilir, sonradan rahat şəkildə qayıdıb ölkəsinə gəlir. Buna görə kimsə onlara nəsə demir. Azərbaycan tərəfdən olan tənqidçilər konfransda sərbəst şəkildə çıxış edə bilirdilər. Digər tərəfdən, Azərbaycanın daha çox diqqət mərkəzində olmasına səbəb rəsmi dövlət qurumlarını təmsil edən iki şəxsin konfransda fəallıq etməsi idi. Bunlar Prezident Administrasiyasının rəsmisi Kamran Həsənov və xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev idi. Onlar Azərbaycan dövlətinin media siyasəti ilə bağlı mövqeyini təqdim etdilər, ölkəmizin reallıqları bir daha diqqətə çatdırıldı. Təbii ki, Azərbaycana aid alternativ mövqelərin də ortaya qoyulması ölkəmizlə bağlı daha çox müzakirə və fikir mübadiləsinin aparılmasına səbəb oldu.
– XİN-in mətbuat xidmətinin rəhbəri H.Hacıyevin adı həmin vaxt Ermənistan mediasında daha çox hallandırıldı, hətta iddia edildi ki, guya konfransın erməni iştirakçıları onun sözünü kəsiblər, çıxışını sona çatdırmağa imkan verməyiblər. Bu barədə nə deyə bilərsiniz?
– Hikmət Hacıyevin konfransdakı çıxışları erməniləri və onlara dəstək verənləri, o cümlədən bəzi azərbaycanlıları özündən çıxardı. Xarici İşlər Nazirliyinin rəsmisi kimi o, olduqca təmkinli, savadlı, konkret faktlara əsaslanan çıxış etdi. Müzakirələr zamanı da diplomatik şəkildə, ciddi əsaslandırma aparmaqla mövqe ortaya qoydu, yalanla hücuma keçənləri faktlarla tərksilah etdi. Təbii olaraq ermənilər bundan çox böyük əsəb keçirirdilər. Onun birinci gün etdiyi çıxış da mükəmməl idi. Konfransın ikinci günündə isə Hikmət Hacıyev uydurma xəbərlərin yayılması ilə bağlı Azərbaycanın üzləşdiyi problemlər haqqında danışdı. O, ölkəmizə qarşı əsasən 3 istiqamətdə dezinformasiyanın tirajlanmasından geniş söhbət açdı. Təbii ki, bu işdə Ermənistanın rolunu ayrıca izah və şərh etdi. Çünki, bu ölkə Azərbaycana qarşı informasiya müharibəsi aparır, həqiqətləri təhrif etməklə, yalan və böhtandan istifadə etməklə dünyada bizə qarşı yanlış rəy formalaşdırmağa çalışır. Hikmət Hacıyev məhz bu məsələnin üzərində geniş dayandı, faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, Ermənistan hansı üsul və vasitələrə əl atır. O, çıxış edərkən Ermənistan təmsilçilərini müşahidə edirdim. Bu çıxış erməniləri rəsmən çılğına döndərdi. Halbuki, bu adamlar konfransın birinci günü nisbətən sakit idilər, hərdən qımışır, atmaca da atırdılar. Ancaq Hikmət Hacıyevin çıxışı başlayar-başlamaz o adamlar yerlərində rahat otura bilmədilər. Böyük əsəb keçirdilər, çılğına döndülər, gah əllərini masaya çırpmaqla, gah da etiraz etməklə Hikmət müəllimin çıxışına mane olmağa çalışdılar. Təbii ki, ədəb və əxlaq çərçivəsində konfransın idarəediciləri onları sakitləşdirdi. Ermənilərin etirazlarına baxmayaraq, Hikmət Hacıyev öz çıxışını əvvəldən nəzərdə tutulduğu qaydada, hətta bir qədər də əhatəli şəkildə başa vurdu, Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində istifadə etdiyi çirkin metodları faş etdi. Yəni onlar Azərbaycan Xarici İşlər Nazirliyi sözçüsünün çıxışına hər hansı formada mane ola bilmədilər. Ermənilərin gücü yalnız ona çatdı ki, öz medialarında guya Hikmət Hacıyevin çıxışını tamamlamasına mane olduqları barədə yalan xəbərlər yaydılar. Halbuki, Hikmət müəllim nəinki çıxışını tamamladı, hələ əlavə şərhlərlə onlara və onların sırasında yer almış Arzu Qeybullaya layiqli cavab verdi, tam olaraq vəziyyətə nəzarət edə bildi. Təbii ki, Azərbaycandan olan digər nümayəndələr kimi mən də boş durmadım, həm çıxışlar zamanı, həm də müzakirələrdə öz fikrimi bildirdim.
– Arzu Qeybullanın adını ermənilərin sırasında yer alan şəxs kimi çəkdiniz. Sizcə, onu öz ölkəsinə qarşı çıxmağa, hətta konfransda işğalçı Ermənistanın nümayəndələri ilə eyni mövqeni bölüşməyə nə vadar edir?
– Çox təəssüflə qeyd etməliyəm ki, Tbilisidə təşkil olunan konfransda ermənilərin Azərbaycana qarşı hücum cəhdlərinə əslən azərbaycanlı, ancaq ruhunu şeytana satmış Arzu Qeybulla da qoşulmuşdu. Düzdür, onun iddiaları olduqca əsassız və gülünc idi. Hikmət Hacıyev kimi təcrübəli bir şəxs bu adamın iddialarına əsaslı şəkildə cavab verdi. Ancaq bizdə acı təəssüf doğuran bu idi ki, Azərbaycandan olan bir şəxs beynəlxalq konfransda ermənilərlə bir səfdə yer alır, öz ölkəsinə qarşı hücuma keçirdi. Hətta konfransda iddia etdi ki, guya AzTV səhərdən axşama qədər uydurma xəbərlər yayır. Ondan bu barədə konkret fakt istəyəndə çıxılmaz vəziyyətdə qaldı. Çünki, rəsmi xəbərlərin yayılmasından söhbət gedirsə, burada problem yoxdur. Əgər xarici ölkələrdə baş verən hadisələrlə bağlı məlumatlardan söhbət gedirsə, o məlumatları bütün dünya televiziyaları verir, AzTV də xarici media qurumlarına istinad etməklə yayımlayır. Belə olan halda Arzu Qeybulla dərhal “Tvitter” sosial şəbəkəsində mesaj yazdı ki, kimdə AzTV-nin yalan xəbərləri barədə məlumat varsa, həmin xəbərlərin linkini – onlayn olaraq bu xəbərə keçidi göndərsinlər. Ancaq nə həmin vaxt, nə də sonradan kimsə ona belə bir link göndərmədi, o, pis vəziyyətdə qaldı. Adama deyərlər ki, əgər sənin belə bir faktın varsa, buyur, təqdim et, onun əsasında da fikrini bildir. Yoxsa yalandan kimisə nədəsə ittiham etmək, sonra da bu yalanın doğruluğunu sübut etməyə çalışmaq qeyri-ciddilikdir. Onu da təəssüflə vurğulamaq yerinə düşər ki, Arzu Qeybulla tək bu konfransda deyil, ümumiyyətlə hər addımda, eləcə də “Tvitter”də Azərbaycan əleyhinə təbliğat aparmaqdadır. Bu qızda anti-Azərbaycan, antitürk əhval-ruhiyyəsi var. Bütün fəaliyyəti boyu da bunu hiss etdirməkdədir.
– Beynəlxalq konfrans çərçivəsində, eləcə də tədbirdən sonra A.Qeybulla və onun kimi adamlarla söhbət etmək, onlardan Azərbaycana qarşı bu cür davranışlarının, ermənilərlə bir cərgədə yer almalarının səbəblərini soruşmaq imkanınız olubmu? Əgər belə bir imkan olubsa, Sizə nə cavab veriblər?
– Ümumiyyətlə, bu tip adamlar Azərbaycanı yeri gəldi-gəlmədi tənqid etmək üçün sıraya düzülürlər. Ancaq ermənilər Azərbaycana hər hansı formada hücum edəndə onlara cavab vermək üçün heç bir iş görmür, sadəcə susurlar. Halbuki, bu zaman Azərbaycan iqtidarının maraqlarından deyil, dövlətçiliyin mənafeyindən, Dağlıq Qarabağın taleyindən, bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsindən söhbət gedir. Bu fikirləri həmin şəxslərlə qarşılaşanda, hansısa tədbir çərçivəsində söhbət edəndə onlara bildirmişəm. Heç kim iddia etmir ki, ölkədə bütün problemlər həllini tapıb. Hər hansı problemin olması, hansısa vətəndaşın bunu dilə gətirməsi, mövqe ortaya qoyması normal prosesdir. Ancaq ermənilər Azərbaycana qarşı hücuma keçəndə onlara cavab verməmək bir yana, üstəlik ermənilərlə eyni səfdə yer alıb onlara dəstək vermək qəbuledilməzdir. Gürcüstandakı konfransda da məhz belə bir təəssüf doğuran mənzərə ilə qarşılaşdıq. Düzdür, biz ermənilərin də, onlarla eyni səfdə yer alan “özümüzünkülərin” də cavabını layiqincə verdik, faktlarla onları çıxılmaz vəziyyətdə qoyduq. Hesab edirəm ki, milli-dövlətçilik maraqları gələndə iqtidar-müxalifət bölücülüyü olmamalı, hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, hamı eyni cəbhədən çıxış etməlidir. Ancaq onlar bunu etmirlər. Bu da onu deməyə əsas verir ki, bu adamlar konkret mərkəzlərə, bəlli dairələrə bağlıdırlar. Belələrinin mövqeyi də birmənalı şəkildə anti-Azərbaycan xarakterlidir. Onlardan bunun səbəbini bir neçə dəfə soruşmuşam. Cavabları da bu olub ki, “o məsələlər gündəliyə aid deyil”.
Deyəndə ki, axı ermənilər Azərbaycan dövlətini topa tutur, cavab veriblər ki, bizə aid məsələ deyil. Yəqin ki, əlavə şərhə gərək yoxdur.
Yeniçağ.az
www.yenicag.az