Ölən şəxsin kredit öhdəliyinin HÜQUQİ ƏSASI: "Bu halda bank onun yaxınlarından ödəniş tələb edə bilməz"
“Kredit götürüb vəfat edən şəxsdən miras qalmayıbsa, bu halda bank onlardan ölən şəxsin kreditini tələb edə bilməz”.
Bunu bankların vəfat edən şəxsin kredit öhdəliklərini onun yaxınlarından tələb etməsinin hüquqi tərəfləri barədə danışan hüquqşünas Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.
X. Bəşirov qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə hər kəs öz öhdəçiliklərinə görə məsuliyyət daşıyır:
“Bu, kredit müqavilələrinə də aiddir. Qanunda bəzi məqamlar var ki, insanlar bilməlidilər, kredit müqaviləsi imzalanarkən paralel şəkildə zaminlik müqaviləsi imzalanırsa, bu, ailə üzvlərindən də ola bilər, kənar şəxslərdən də ola bilər. O zaminlər gələcəkdə borclunun ödəyə bilmədiyi və ya müxtəlif hallarda kredit onlara yönləndirilə bilər. Digər tərəfdən, kredit ailə üzvlərinə o halda yönləndirilə bilər ki, həmin o şəxslər kredit borcu olan və dünyasını dəyişən şəxsin vərəsələri olsun. Əgər o şəxslərə miras olaraq əmlak keçibsə, kredit onlara yönləndirilə bilər. Çünki kredit götürmüş və dünyasını dəyişmiş şəxsin miras əmlakının ailə üzvünə yönləndirilməsi Azərbaycan qanunvericilinə uyğundur. Əgər miras əmlakı yoxdursa, onun varislərinin də miras məsələsi olmursa, o halda kredtin onlara yönləndirilməsi qanunsuzdur, çünki onlar kredit götürüb vəfat edən şəxsin borcuna görə məsuliyyət daşımır”.
Hüquqşünas bildirib ki, bəzi bank əməkdaşları ölən şəxsin ailə üzvlərindən kreditin ödənilməsini tələb edirlər:
“Əgər belə hallar varsa, bank əməkdaşları həmin şəxslərin ailə üzvlərinə zəng edib tələblər səsləndirirlərsə, bu, qanunsuz tələblərdir və hər hansı hüquqi əsası yoxdur. Ona görə də insanlar hüquqlarını bilməlidirlər. Bilmirlərsə, onların hüquqlarını qoruya biləcək, hüquqi yardım göstərə biləcək şəxslərə müraciət etməlidirlər ki, belə hallarda qeyri-müəyyənliklərlə qarşı-qarşıya qalmasınlar. Bu da onların gələcəkdə yalnış addımlar atmasına gətirib çıxara bilər. Mirası almış və ya kreditə zamin durmuş şəxslər də düşünəcəklər ki, onlar heç bir məsuliyyət daşımırlar. Miras almayan və zamin durmayan şəxslər də yanlış düşünə bilərlər ki, onlar krediti ödəməlidirlər. Bu, hüquqlarını bilməməkdən irəli gəlir. Bu məsələ ilə bağlı insanlarımız məlumatlı olsalar, Azərbaycan qanunvericiliyinin bu maddələri ilə informasiyaya sahib olsalar, o halda nə bank əməkdaşları onlara qarşı qanunsuz tələb irəli sürə bilərlər, nə də onlar bundan narahat olub yalnış addım atarlar”.
Nurlan Cəfəri












