“Təəssüflə qeyd etmək lazımdır ki, …”

media-hightechnic-468x90

Məleykə-AbbaszadəAzərbaycanda orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 25-49 faizini mənimsəyir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bildirib ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.

Onun sözlərinə görə, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 41.38, ədəbiyyatdan 37.52, riyaziyyatdan I, II qruplarda 26.33, III, IV qruplarda fizikadan 27.40, kimyadan 25.59, biologiyadan 28.10, tarixdən 31.01, Azərbaycan tarixindən 35.95, coğrafiyadan 37.36, ingilis dilindən I qrupda 29.50, II, III qruplarda 33.45 faizinə düzgün cavab verib: “Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 47.86, ədəbiyyatdan 48.58, riyaziyyatdan I, II qruplarda 30.62, III, IV qruplarda 31.59, fizikadan 32.23, kimyadan 31.04, biologiyadan 33.84, tarixdən 27.62, Azərbaycan tarixindən 32.96, coğrafiyadan 37.98, ingilis dilindən I qrupda 45.41, II, III qruplarda 48.68 faizini düzgün cavablandırıb. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 25-49 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.

TQDK sədri əlavə edib ki, imtahan fənlərinin göstəricilərindən göründüyü kimi, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Onun dediyinə görə, rus bölməsində ən aşağı nəticə I qrupda riyaziyyat, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub: “Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər əsasən test tapşırıqlarının 23-29 faizinə düzgün cavab verir, 32-48 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə isə ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, ötən il tarix fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 36.35%-dən 31.01%-ə qədər aşağı düşüb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600