BMT Təhlükəsizlik Şurasına BMT Baş Assambleyasına Fələstini tamhüquqlu üzv kimi qəbul etməyi tövsiyə edən qətnamə layihəsi təqdim edilib.
Yenicag.az xəbər verir ki, BMT-nin “X” sosial media səhifəsindəki Fələstinin Daimi Nümayəndəliyi qətnamə layihəsinin Ərəb Qrupu adından Əlcəzair tərəfindən hazırlandığını bildirir.
“Baş Assambleyaya Fələstini BMT-nin tamhüquqlu üzvü kimi qəbul etməsi tövsiyə olunur”, – məlumatda deyilir.
“Anadolu” agentliyinə daxil olan məlumata görə, səsvermə BMT Təhlükəsizlik Şurasının aprelin 18-nə planlaşdırılan nazirlər toplantısında baş tutacaq.
Lakin daha əvvəl ABŞ Fələstinin BMT-yə üzvlüyünə səs vermək niyyətində olmadığını açıq şəkildə bildirmişdi.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, Vaşinqtonun bu məsələdə mövqeyi dəyişməyib.
“Biz hesab edirik ki, Fələstinin tam üzvlük məsələsi İsraillə fələstinlilər arasında müzakirə edilməli olan bir məsələdir”, – deyə o əlavə edib.
Qətnamə layihəsinin qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü veto hüququndan istifadə etməməli, qanun layihəsi BMT Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkədən ən azı 9-u tərəfindən dəstəklənməlidir.
BMT Təhlükəsizlik Şurası müsbət qərar qəbul edərsə, sənəd BMT Baş Assambleyasına gedəcək və orada 193 iştirakçı arasından səslərin üçdə ikisinin alınması tələb olunur.
Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin sənəd BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi almayıb. 2012-ci ildə Fələstin BMT-də “müşahidəçi statusu” alıb.
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də BMT-nin baş katibi Antonio Quterreşə üzvlük ərizəsinə yenidən baxılmasını tələb edən məktub göndərdiyini bildirib.
Aprelin 8-də BMT Təhlükəsizlik Şurası Fələstinin tələbini “Yeni Üzvlərin Qəbulu Komitəsi”nə göndərib.
Qərarını BMT Təhlükəsizlik Şurasına çatdırmalı olan Komitə iki iclasdan sonra razılığa gələ bilmədiyini bildirib.
www.yenicag.az