Təhsil eksperti Qərbi Kaspi Universitetini tənqid etdi - Universitet ekspertə təhqirlə cavab verdi - NƏ BAŞ VERİR?

media-hightechnic-468x90

Dünən Qərbi Kaspi Universiteti ilə təhsil eksperti Kamran Əsədov arasında “söz müharibəsi” baş verib.

Yenicag.az xəbər verir ki, universitetin rəsmi sosial şəbəkə hesabında və rəsmi saytında Kamran Əsədov “saxta ekspert”, “alverçi”, “köçürmə möhtəkiri” kimi qeyri-etik ifadələrlə təhqiredici yazı dərc edilib.

Ekspert Yenicag.az-a açıqlamasında keçmiş iş yeri haqqında ciddi ittihamlar səsləndirərək təhqirləri cavabsız buraxmayıb:

“Təhsil cəmiyyətin güzgüsüdür. O, hansı dəyərləri daşıyırsa, biz də o qədər inkişaf etmişik deməkdir. Təəssüf ki, bəzi ali təhsil müəssisələrinin reaksiyası, onların hansı dəyərləri təmsil etdiyini çox aydın göstərir. Qərbi Kaspi Universitetinin mənim adımla yayımladığı cavab mətni elm və təhsil mühitinə xas olan arqumentativ yanaşma deyil, daha çox emosional, təhqiramiz və küçə leksikonuna bənzəyən ifadələrlə doludur. Bu, universitet adına yaraşmayan, akademik etikanı pozan davranış nümunəsidir.
Onların cavabı bir daha sübut etdi ki, orada akademik mühit yoxdur. Onlar təhdidlə, təhqirlə fəaliyyət göstərirlər. Mənim “Facebook” səhifəmdə paylaşdığım status heç bir şəxsi və ya universiteti təhqir etmirdi. Sadəcə, Stanford Universiteti və “Elsevier” tərəfindən hazırlanmış beynəlxalq siyahıda Azərbaycan tədqiqatçılarının təmsilçiliyi ilə bağlı elmi təhlil idi. Təhlilin məqsədi ölkəmizdə elmi mühitin şəffaflığı, tədqiqat əlaqələrinin real olub-olmaması və beynəlxalq reytinqlərdə universitetlərin necə təqdim edildiyini müzakirəyə çıxarmaq idi. Amma görünür, tənqid deyil, təbliğatla öyrəşmiş bəzi qurumlar üçün bu cür elmi təhlil dözülməz görünür. Bu “cavab” adlandırılan mətndə mənə qarşı səsləndirilən “saxta ekspert”, “reket”, “alverçi”, “köçürmə möhtəkiri” kimi ifadələr təkcə etikadan uzaq deyil, həm də hüquqi məsuliyyət doğuran ifadələrdir. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 14-cü maddəsinə əsasən, istənilən informasiya subyektiv rəy deyil, faktlara əsaslanmalıdır və heç kimin şərəf və ləyaqətini alçaltmamalıdır. Universitetin adından yayılan belə mətndə şəxsi təhqir, iftira və əsassız ittihamların olması bu ali təhsil müəssisəsinin hüquqi və etik məsuliyyətini artırır. Əgər bir universitet arqumentlə cavab vermək əvəzinə təhqirlə reaksiya göstərirsə, bu, həmin qurumun elmi səviyyəsi və idarəetmə mədəniyyəti barədə kifayət qədər aydın fikir yaradır.”

Ekspert universitetin yazdığı kimi təhsil ocağından qovulmadığını, universitetdə gördüyü mənfi hadisələrə görə işləməkdən imtina etdiyini qeyd edib:

“Gəlin faktlara baxaq. Mən Qərbi Kaspi Universitetindən “qovulmamışam”. Müqavilə müddətim bitdikdən sonra öz istəyimlə dərs deməkdən imtina etmişəm. Bunun səbəbi oradakı elmi mühitin keyfiyyətsizliyi, universitetin tədris prinsiplərinin akademik azadlıqdan uzaq olması və əsas məqsədin təhsil yox, kommersiya maraqları üzərində qurulması idi. Həmin dövrdə universitet rəhbərliyi mənimlə əməkdaşlığın davam etdirilməsini istəyirdi, lakin mən tədris və tədqiqat prinsipləri baxımından orada qalmağın faydasız olduğunu gördüm. Bu, “qovulmaq” yox, elmi mühitin keyfiyyətsizliyinə qarşı prinsipial mövqe tutmaq idi. Mənə qarşı səsləndirilən “köçürmə alveri” ittihamı da tam yalandır. Əksinə, mənə illər ərzində bir neçə universitet tərəfindən abituriyent yönləndirmələri və təbliğat məqsədilə maddi təkliflər olunub. Mən hər dəfə bu cür təkliflərdən imtina etmişəm. Çünki mən təhsili bazar deyil, milli dəyər kimi görürəm. Təhsil heç vaxt ticarət predmeti ola bilməz. Təəssüf ki, bəzi özəl universitetlərdə bu prinsip pozulub, təhsilin kommersiyalaşması normaya çevrilib.”

Qərbi Kaspi Universiteti rəhbərliyini savadsızlıqda günahlandıran K. Əsədov qarşı tərəfdən yazdıqlarının yalnış olmasını dəlillə sübut edilməsini tələb edib:

“Qərbi Kaspi Universitetinin mətni göstərir ki, orada akademik mühit yoxdur. Elmi arqument, sübut, statistik təhlil əvəzinə emosional hücum, təhqir və şəxsi səviyyədə aşağılama üstünlük təşkil edir. Bu, elmi müzakirə deyil, “özünü müdafiə” refleksidir. Akademik mühit o zaman formalaşır ki, tənqidə arqumentlə cavab verilsin. Əgər universitetin cavabında bircə cümlə belə elmi fakt və ya istinad yoxdursa, deməli, orada elmin özü yoxdur. Əgər bu universitet özünü ciddi elmi mərkəz hesab edirsə, onda sübut etməlidir ki, Stenford siyahısında adı keçən “41 tədqiqatçının” universitetlə faktiki əməkdaşlığı mövcuddur. Amma reallıqda həmin adların çoxu yalnız formal əlaqə üzərində qurulub. Bir çox hallarda sadəcə universitetin adının qeyd edilməsi “elmi əlaqə” kimi təqdim olunur. Bu isə beynəlxalq elmi etika qaydalarına ziddir. Təhsil haqqında Qanunun 4-cü maddəsində qeyd olunur ki, təhsil sisteminin əsas prinsiplərindən biri şəffaflıq və hesabatlılıqdır. Əgər bir universitet tənqid qarşısında şəffaflıq nümayiş etdirmək əvəzinə emosional təhqirlərlə cavab verirsə, deməli, orada hesabatlılıq yoxdur. Elm mühiti şəffaflıq tələb edir, qorxu və emosiyalarla idarə olunmur.”

“Dünya təcrübəsinə baxaq: Avropa universitetləri və ya ABŞ-ın nüfuzlu ali məktəbləri tənqidi yazılara heç vaxt belə emosional cavab vermirlər. Əksinə, tənqidi mətni faktlarla cavablandırır, lazım gəldikdə müstəqil audit sifariş edir, hesabat dərc edir. Harvard, Cambridge və ya Helsinki Universitetində tənqidlər normal qarşılanır, çünki orada akademik azadlıq və ictimai etimad mövcuddur. Azərbaycanda isə bəzi özəl universitetlər elmi tənqidi “hücum” kimi qəbul edir və elmi müzakirəni şəxsi savaşa çevirir. Mənim yazdığım təhlildə məqsəd heç vaxt kimisə gözdən salmaq olmayıb. Mən illərdir Azərbaycanın təhsil sistemində şəffaflıq, hesabatlılıq və etik idarəetmə uğrunda danışıram, yazıram, araşdırıram. Qərbi Kaspi Universitetinin bu qədər aqressiv cavabı isə göstərir ki, deməli, orada gizlədiləcək çox şey var. Əgər bir “Facebook statusu” bu qədər qorxu və qəzəb yaradırsa, deməli, yazılanlar boş deyil.”

K.Əsədov Qərbi Kaspi Universitetini məhkəməyə verəcəyini saytımıza açıqlamasında bildirib:

“Bu səbəbdən mən universitetin bu təhqiramiz və iftira dolu açıqlamasına görə rəsmi qaydada hüquqi addım atacağam. Əgər universitet rəhbərliyi bu yazı üçün ictimai şəkildə üzr istəməsə, mən məsələni məhkəmə qaydasında qaldıracağam. Çünki bu, təkcə mənim adımın müdafiəsi deyil, həm də ölkənin akademik mühitinin şərəfi məsələsidir. Mənim mövqeyim sabit və prinsipialdır: təhsil şəffaf olmalıdır, universitetlər hesabat verməlidir, elm dəyərlə ölçülməlidir, şəxsi maraqla yox. Mənim üçün bu mübarizə şəxsi deyil — Azərbaycan elminin, təhsilinin və cəmiyyətinin keyfiyyəti uğrundadır. Bu hadisə bir daha göstərdi ki, təhsil sahəsində problemləri tənqid etmək, faktları göstərmək və şəffaflıq tələb etmək ölkəmizdə hələ də risklidir. Amma mən susmayacağam. Çünki əgər susan olsa, saxtakarlıq norma, şəffaflıq isə təhlükə sayılacaq. Mənim cavabım bir şəxsin deyil, vicdanlı, elmə sadiq müəllimlərin və tədqiqatçıların mövqeyidir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa