Qızıl "əl yandırmağa" DAVAM EDƏCƏK, YOXSA: “Dollar möhkəmlənsə, qiymətlər...”
“2026-cı ildə qızılın bahalaşacağı ilə bağlı gözləntilər ümumilikdə məntiqlidir, amma bunu “qiymət hər gün fasiləsiz artacaq” kimi yox, artım meylinin olacağı, arada isə “qısa enişlərin görünəcəyi” ssenarisi kimi qəbul etmək daha doğrudur”.
Bu sözləri Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyəti sədrinin müavini Rövşən Əmircanov Yenicag.az-a açıqlamasında qiymətli metal bazarındakı hazırkı durumu şərh edərkən deyib.

O, risklər kəskinləşəcəyi təqdirdə bahalaşmanın daha sürətli ola biləcəyini istisna etməyib:
“Son dövrlərdəki beynəlxalq gərginliklər və qlobal risk mühiti nəzərə alınsa, 2026-cı il üçün illik orta qiymətin təxminən 5 000 dollar/unsiya ətrafında formalaşa biləcəyini ehtimal etmək olar. Üstəlik, 2026-cı ilin ilk həftələrində qızılın rekord səviyyələrə yüksəlməsi və ilin başlanğıcının güclü keçməsi bazarda yüksəliş gözləntilərini daha da gücləndirir.
Digər tərəfdən, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir: şərait dəyişməz qalsa, qiymətlər müəyyən aralıqda qala bilər; faizlər aşağı düşərsə, artım daha sakit tempdə davam edə bilər; risklər kəskinləşərsə, bahalaşma daha sürətli ola bilər”.
Ekspert qiymətlərin enməsinin də mümkünlüyünü bildirib:
“Qiymətlərin enməsi məsələsinə gəlincə, bu da mümkündür. Hətta ümumi istiqamət yuxarı qalsa belə, korrektə xarakterli enişlərin baş verməsi yüksək ehtimaldır. Bunun nümunəsi artıq görünür: qızıl rekord 4 600 dollar/unsiya səviyyəsinə yaxınlaşdıqdan sonra investorların mənfəət götürməsi fonunda qiymət qısa müddətlik geri çəkilib və bu, bazarda dəyişkənliyin müəyyən müddət davam edə biləcəyini göstərir.
Eyni zamanda, daha zəif ssenari də istisna edilmir: əgər dollar möhkəmlənsə, bazarlarda riskə maraq artsa və yüksəlişi dəstəkləyən amillər zəifləsə, qızıl qiymətlərinə aşağı yönlü təzyiq yarana bilər”.
Cəvahir












