Təhsilin inkişafı üçün YENİ TƏKLİF: "Bu səbədən sağlam rəqabət mühiti formalaşmır"
“Bu uyğunsuzluqlar aradan qaldırılarsa və qəbul qaydalarında müvafiq dəyişikliklər edilərsə, həm ali təhsil sisteminə, həm əmək bazarına, həm də diplomlu, lakin işsiz vətəndaşların sayının azalmasına müsbət təsir göstərə bilər”.
Bunu elm və təhsil nazirinin tələbə sayının azaldılaraq onlara ayrılan resursların artırılması yönündəki təklifinə münasibət bildirən təhsil eksperti Məzahir Məmmədli Yenicag.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, ali təhsil müəssisələrinin böyük əksəriyyətinin maddi-texniki bazası müasir əmək bazarının tələblərinə cavab vermir:
“Bu, universitet büdcəsi üçün əlavə maliyyə mənbəyi yaradır, əldə olunan vəsait əməkhaqqına və maddi-texniki bazanın inkişafına yönəldilir. Lakin, təəssüf ki, bu vəsaitlərin hər zaman səmərəli və məqsədyönlü şəkildə xərcləndiyini demək çətindir. Nəticədə ali təhsil müəssisələrinin böyük əksəriyyətinin maddi-texniki bazası müasir əmək bazarının tələblərinə cavab vermir.
Hazırda ali təhsil müəssisələri ilə əmək bazarı arasında ciddi əlaqə problemi mövcuddur. Böyük şirkətlər, istehsal və xidmət müəssisələri ilə universitetlər arasında sistemli əməkdaşlıq, demək olar ki, yoxdur. Halbuki dünya təcrübəsinə nəzər saldıqda görürük ki, aparıcı universitetlər istedadlı və yüksək göstəricilərə malik tələbələri xüsusi təqaüdlər və stimullaşdırıcı proqramlar vasitəsilə cəlb edirlər.
Azərbaycanda isə bu cür təşəbbüslər, demək olar ki, mövcud deyil. Bunun əsas səbəblərindən biri mövcud qanunvericiliyin ali təhsil müəssisələrinə istedadlı abituriyentləri sərbəst şəkildə seçmək imkanı verməməsidir. Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi çərçivələr universitetlərin bu sahədə təşəbbüs göstərməsini məhdudlaşdırır və nəticədə ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti formalaşmır”.
Ekspertin sözlərinə görə, əgər universitetlər gələcəkdə yüksək təqaüdlər ayırmaqla istedadlı abituriyentləri cəlb edə bilsə, bu həmin ali təhsil müəssisələrinin nüfuzunun artmasına, həm də məzunların əmək bazarına daha tez inteqrasiyasına şərait yaradar:
“Hazırkı sistemdə abituriyentlər ixtisas seçimindən daha çox, imtahan qruplarına əsasən seçim edirlər. Nəticədə hüquqşünas olmaq istəyən şəxs tarixçi, həkim olmaq istəyən biologiya və ya kimya müəllimi, kompüter mühəndisi olmaq istəyən isə riyaziyyat müəllimi ixtisasını seçməyə məcbur qalır. Bu uyğunsuzluqlar aradan qaldırılarsa və qəbul qaydalarında müvafiq dəyişikliklər edilərsə, həm ali təhsil sisteminə, həm əmək bazarına, həm də diplomlu, lakin işsiz vətəndaşların sayının azalmasına müsbət təsir göstərə bilər”.
Nəsimi Ələsgərli












