“Bizim siyahı əsasında neçə nəfərin azadlığa buraxıldığını hələ dəqiqləşdirməmişik”.
Bu fikirləri Prezident İlham Əliyevin mayın 8-də imzaladığı Əfv sərəncamını dəyərləndirən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu çərçivədə bəzi gözləntilər doğrulmasa da, yüzlərlə məhbusun vaxtından əvvəl azadlığa çıxması çox müsbət haldır:
“Əlbəttə ki bu sərəncam haqqında yalnız müsbət fikirlər söyləmək olar. Yüzlərlə insanın azadlığa çıxması həm onlara, həm də ailələrinə və doğmalarına böyük sevinc bəxş edib. Biz də onların adına çox sevinirik.
Sərəncam dərc edildikdən sonra o qədər zənglər olur ki, bizim siyahı əsasında neçə nəfərin azadlığa buraxıldığını hələ dəqiqləşdirməmişik. Bununla belə, bizim təqdimatımızla azadlığa çıxanlar arasında Əli Əliyev, Elçin Məmməd və başqalarının olduğunu deyə bilərəm.
Ümumiyyətlə, çox arzuolunandır ki, təki siyasi motivli həbslər olmasın və biz də hüquq müdafiəçisi kimi işsiz qalaq. Bilirsiniz ki, bu, çox həssas məsələdir. Siyasi xarakter verilən həbslərə görə beynəlxalq aləmdə Azərbaycanın üstünə çox gəlirlər. O baxımdan, bunların olmamasına çalışmaq lazımdır.
Təəssüfləndim ki, bir çox məhbuslar, o cümlədən, keçmiş “OMON” üzvləri və başqa məhbuslar bu sərəncama düşmədi. Ancaq çalışacağıq ki, iyirmi ildən çox müddətdə həbsdə olan məhbusların məsələsi Milli Məclisə çıxarılsın və onlar da azadlığa buraxılsın”.
A.Zeynalov
www.yenicag.az