Tələbə gənclərə iki cüt sözüm var… – Aqil Ələsgər yazır
Hər ilin bu vaxtı yada düşür xatirələr… Universitetə hazırlaşdığımız çətin illər, imtahan və ondan daha həyəcanlı olan kodunu “Abituriyent” jurnalında axtarmaq…
Yaxşı xatirimdədir, kodum olan vərəqi ikinci dəfə ötəndə xalam oğlu görmüşdü kodumu. Mən həyəcan və stressdən görə bilməmişdim.
Bugünkü SMS, e-mail sistemi yox idi, həm də olsaydı da, nə ağıllı-ağılsız telefonumuz, nə də 5G internetimiz yox idi. İlk dəfə internetlə İzmirdə oxuyarkən tanış olmuşduq.
Əgər tələbə xatirələrinə başlasaq, ardı kəsilməyəcək…
Əziz gənclər! Siz həyatın əsas mərhələsinin ilk kandarındasınız. Həyat dərsləri bundan sonra başlayır. Çalışın, universitetinizlə bərabər həyat institutunu da qırmızı diplomla bitirəsiniz.
Bəlkə belə bir gündə “əmimiz niyə belə yazır?” deyəcəksiniz. Ancaq əlahəzrət gerçəkliyi deməliyik. Səhvləriniz, uğrayacağınız haqsızlıqlar, gözləmidiyiniz zərbələr sizi gözləyir. Lakin unutmayın ki, bütün yaşadıqlarınız təcrübə bonusu olaraq, sizə geri dönəcək. Hər səhvi, hər zərbəni təcrübə olaraq yadda saxlasanız, həyatınız bir o qədər asanlaşacaq.
Başda öz oğlum olmaqla tələbə adını qazanan bütün gəncləri, xüsusilə mənə “əmi” deyən canlarımı təbrik edirəm.
Yolunuz da, bəxtiniz də açıq olsun!
Bizə yaşatdığınız bu qüruru təhsilin digər mərhələlərində də göstərəsiniz, inşallah!
Oxuyun, gənclər, oxuyun!
Bu məmləkətin də, dünyanın da oxuyan beyinlərə ehtiyacı var, cahillərə deyil…
Oxuyun və oxuduğunuz ixtisasın ən əla mütəxəssisi olun!
Biz sizə inandıq, siz də bizim başımızı uca etdiniz.
Allah-Təala da sizin başınızı daim dik etsin, arxanızda olsun.