Azərbaycanda tələbələrə akademik məzuniyyətinin verilməsi hallarının siyahısı genişləndirilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:
– müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
– ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə)
– 2 il müddətinədək;
– səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);
– sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
– dövlət proqramları və təhsil sahəsində Azərbaycanla xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;
– xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır.
Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər./report
www.yenicag.az