Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrə ödənişsiz dərsliklərin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.
Yenicag.az-a Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) daxil olan məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq, ölkədə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib.
Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu, dövlətin dəstəyi ilə İnstitutda yüksək şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla təşkil edildiyini, bütün dərs vəsaitlərinin pulsuz verildiyini diqqətə çatdıran rektor tələbələrin dərs vəsaiti ilə təmin olunmasını birbaşa prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirildiyini vurğulayıb.
Aİİ-ni, nəinki ölkədə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. Rektor dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə, İslamın mahiyyətini, dinin əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. O əlavə edib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan institutda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub.
Sonra Aİİ rəhbərliyi tərəfindən institutun I-IV kurs tələbələrinə İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, Əqaid, Təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, Fars dili, İngilis dili fənlərindən dərsliklər təqdim edilib. Bildirilib ki, digər fənlər üzrə də kitabların verilməsi ən yaxın günlərdə təmin olunacaq.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.
www.yenicag.az