“Terror qrupları ən mütəşəkkil vəziyyətlərində belə Türkiyə ordusunun qarşısına çıxacaq gücdə deyil”.
Bu fikirləri Suriyanın şimalındakı kürd terrorçu qruplaşmalarının Türkiyənin həmin ölkədəki hərbi kontingentinin mövqelərini atəşə tutmasının mümkün səbəblərinə toxunan Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
Professorun sözlərinə görə, terrorçuların bu cəhdlərinin heç bir nəticəsi ola bilməz:
“Təbii ki, Suriyanın şimalında mənzillənən terror qruplarının Türkiyə hərbçilərinin möcvqeyini atəşə tutmalarını bir sıra səbəblərlə əlaqələndirmək mümkündür. O cümlədən, son atəşi seçkilər ərəfəsində Türkiyəyə təzyiq cəhdi kimi də qiymətləndirmək olar.
Ancaq nəzərə almaq lazımdır ki, terrorçular öz xain planlarını hansısa hadisə ilə əlaqələndirmədən də həyata keçirməyə cəhd göstərirlər. Yəni Türkiyə hərbi kontingentinin mövqelərinin atəşə tutulmasında gözlənilməzlik yoxdur.
Doğrudur, Suriyanın şimalında mövqelənən terror qruplarının Türkiyədəki bəlli çevrələrlə əlaqələrinin olması istisna deyil. O baxımdan, atəş təlimatının oradan gəlməsi də mümkün ehtimallar sırasındadır.
Burada diqqət yetirməli olduğumuz əsas məqam ondan ibarətdir ki, terror qrupları ən mütəşəkkil vəziyyətlərində belə Türkiyə ordusunun qarşısına çıxacaq gücdə deyil. Ona görə də gizləndikləri mövqelərdən açdıqları atəşə qarşılıq verilən kimi qaçıb geri çəkilirlər”.
A.Zeynalov
www.yenicag.az