Günümüzdə texnologiyanın müxtəlif qolları yarandıqca və inkişaf etdikcə insanlarda bu sahəyə qarşı maraq artır. Demək olar ki, bütün karyera seçimlərində texnologiya bilikləri tələb olunur.
Son illərdə jurnalistika sahəsində data analitika və rəqəmsal media istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Özəlliklə ABŞ və Avropada ənənəvi jurnalistikaya tələb azalıb.
Vaxt darlığı səbəbilə insanlar səhərlər bir fincan isti çay və ya qəhvə ilə gündəlik qəzet oxumaq vərdişlərini unutmağa başlayıb. Bunun əvəzinə, rəqəmsal jurnalistikaya üstünlük verirlər, çünki yolda, metroda və yaxud da avtobusda istənilən media portalını, internet qəzetini onlayn formatda izləmək daha rahatdır.
Onlayn jurnalistikanın populyarlığının artmasına digər töhfə isə internet, mobil cihazlar və smart avadanlıqlardan istifadənin artmasıdır. İnsanların 79 faizi sörfinq üçün sözügedən cihazlardan istifadə edir və bu, rəqəmsal jurnalistikanın auditoriyasına birbaşa təsir edir. Həmçinin ənənəvi jurnalistika müəyyən coğrafi ərazilərlə məhdudlaşır. Lakin onlayn jurnalistikada yerüstü məhdudiyyətlər yoxdur. Dünyanın hər yerindən bütün insanlar üçün xəbər əlçatan hala gəlir.
Bəs rəqəmsal media ənənəvi jurnalistikanı niyə üstələyir? Burada hansı amillər rol oynayır? Data analitikanın həyatımızdakı rolu nədir? Texnologiya aləmini hansı gələcək gözləyir?
Bütün bu suallarla bağlı Yenicag.az-a açıqlama verən ABŞ-nin “Virginia Tech” universitetində “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan Coşua Davis bildirib ki, texnologiyanın gələcəyi barədə artıq müxtəlif fərziyyələr mövcuddur:
“Əgər məndən texnologiyanın gələcəyinin nə olduğunu soruşsanız, bu sahə dünyanın, eynilə insanların bir çox problemlərini həll edəcək. Texnologiya indiki vaxtda gündəlik həyatımızın bir hissəsidir. Mənə elə gəlir ki, “gələcək” və “texnologiya” sözləri sinonim olacaq. Rəqəmsal mühit və texnologiya artıq “ailə”mizə çevrilib. Texnologiyanın həm nemət, həm də lənət olduğunu düşünürəm. Çünki hər insanın internetdən istifadə etmə səbəbləri fərqlidir. Məsələn, son dövrlərdə “doxing” (insanların şəxsi məlumatlarını toplayıb onu şantaj etmək – red.) deyilən bir anlayış yayılıb. Belə hadisələrin də baş verdiyini nəzərə alaraq rəqəmsal mühitdə necə davranmalı olduğumuzu öyrənməliyik. Bütün bunları dərk etmək və texnologiyadan məsuliyyətlə istifadə etmək gələcəkdə hər kəs üçün böyük bir vəzifə olacaq”.
Mütəxəssis, eyni zamanda, qeyd edib ki, data analitika və süni intellekt sahəsində son 5 ildə 28 faiz inkişaf müşahidə olunub:
“İnsanlar 10 il bundan qabaq texnologiya adı gələndə yalnız sosial şəbəkələri nəzərdə tuturdular. Lakin hazırda vəziyyət fərqlidir. Ən xırda şeyi misal gətirsək, “chatGPT” adlanan proqram var, siz burada süni intellektin yaratdığı bot hesablara elmi, incəsənət, hüquqi, məişət, bir sözlə istənilən mövzuda sual verə bilərsiniz və o da sizə bunun ən doğru cavabını verəcək. Ümumiyyətlə, süni intellekti 21-ci əsrin “möcüzə”si adlandırsam, yanılmaram. Data analitikaya gəldikdə isə, bu sahə bir “okean”dır, siz burada həm üzə, həm də boğula bilərsiniz. Əgər riyazi və tənqidi düşünmə bacarıqlarınız üstündürsə, özünüzü sınaya bilərsiniz. Amma bəzi insanlar bu sahəni sırf gəlirli olduğu üçün seçir ki, bu da çox səhv yanaşmadır. Data analitika xam informasiyanı tam məlumata çevirən ən gözəl vasitədir. Məncə, data analitika peşəsini bu sahədə biliyi və həvəsi olan şəxslər seçməlidirlər”.
Texnologiyanın jurnalistikaya təsirləri barədə isə İngiltərənin Susseks Universitetinin “Rəqəmsal media” ixtisasında təhsil alan Suzanna Hansli bildirib ki, media və texnologiya ən yaxın “dost”lardır:
“Jurnalistikanın mənbəyi informasiyadır. İnformasiya da heç vaxt sabit olmur. Hər gün müxtəlif yeniliklər, üsullar və qaydalar yaranır. Çağdaş medianın ən gözəl uğuru data jurnalistika və rəqəmsal mediadır. Hətta data jurnalistika ənənəvi jurnalistikadan daha asandır. Burada siz oxşar və ya fərqli məlumatları bir araya toplayıb “rəndələyərək” ortaya daha yaxşı xəbər çıxara bilərsiniz. Rəqəmsal jurnalistika isə KİV arasındakı müxtəliflikləri aradan qaldırır və konvergensiyaya yol açır. Məsələn, bizə keçirilən dərslərin 80 faizi texnoloji yolla keçirilir. Həmçinin bizim “robot” müəllimlərimiz belə var, amma, bəlkə də, kitablardan daha çox məlumata sahibdirlər. Nəzərinizə çatdırım ki, uzağı 10 ildən sonra ənənəvi jurnalistika tamamilə məğlubiyyətə uğrayacaq. Jurnalistika çox sürətlə irəliləyən bir sahədir. Bu sahəni seçən insanlar ya büdrəyəcək, ya da sonuna qədər mübarizə aparmağı bacaracaq. Heç bir jurnalistika tələbəsi deməməlidir ki, texnologiya mənim nəyimə lazımdır, onsuz da ancaq xəbər yazacam. Onlar bilməlidir ki, bu sahəni seçirsənsə, texnologiya da sənin həyatının ayrılmaz hissəsinə çevriləcək”.
Şahanə Paşa
www.yenicag.az