“TikTok” platforması bu ilin ikinci rübündə Azərbaycan üzrə 372 153 videonu İcma Qaydalarını pozduğuna görə silib. Bu videoların ümumi sayının 95,2 faizi platforma tərəfindən proaktiv şəkildə, 88,9 faizi isə yayımlandıqdan sonra ilk 24 saat ərzində çıxarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “TikTok” platformasının 2023-cü ilin 2-ci rübünü əhatə edən hesabatında bildirilib.
“TikTok” şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat verir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında aydın təsəvvür yaradan İcma Qaydalarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. Ən son İcma Qaydalarının Tətbiq Hesabatına əsasən, 2023-cü ilin ikinci rübündə dünya miqyasında 106 476,032 video İcma Qaydalarını pozduğuna görə silinib. Bu videoların 96,5 faizi proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 90,8 faizi isə yayımlandıqdan sonra 24 saat ərzində silinib.
Həmçinin 2023-cü ilin ikinci rübündə qaydaları pozduğuna görə dünya üzrə 8 074,632 canlı yayım bloklanıb ki, bu da həmin dövr üçün ümumi canlı yayım sayının 1,5 faizini təşkil edib.
www.yenicag.az