"Titanik"in 114 illik sirri hərracda: Sağ qalan sərnişinin geyimi REKORD QİYMƏTƏ SATILIR
Tarixin ən böyük gəmi qəzası olan “Titanik” faciəsindən sağ çıxan sərnişinlərdən birinə məxsus nadir can yeleyi hərraca çıxarılır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu həftə sonu keçiriləcək hərrac kolleksiyaçılar üçün “nəsildə bir dəfə rast gəlinə biləcək” fürsət kimi qiymətləndirilir. Can yeleyinin 250 000 – 350 000 funt-sterlinq (təxminən 339 000 – 474 000 dollar) arasında satılacağı gözlənilir.
İngiltərənin “Henry Aldridge and Son” hərrac evi tərəfindən satışa çıxarılan bu əşya, 1912-ci ildə baş vermiş faciədən sağ qurtulan şəxsə aid olub hərraca çıxarılan yeganə can yeleyi olma xüsusiyyətini daşıyır.

Müzayidə evinin baş direktoru Endryu Oldric bildirib ki, bu, batmış gəmidən bu günə qədər satışa təqdim olunan ən ikonik əşyalardan biridir: “Sadə dillə desək, bu can yeleyi kolleksiyaçılar üçün nadir bir fürsətdir. “Titanik”dən sağ çıxan birindən miras qalan və hərraca təqdim olunan tək nümunə budur”.

Məlumata görə, bu can yeleyi “Titanik”də birinci sinif sərnişini olan Laura Mabel Frankatelli tərəfindən geyilib. Frankatelli məşhur moda dizayneri Lusi Daff Qordonun katibəsi idi. O, işəgötürəni və onun həyat yoldaşı Kosmo Daff Qordon ilə birlikdə bir nömrəli xilasedici qayığa minərək sağ qalmağı bacarmışdı.

Xatırladaq ki, “Titanik” 10 aprel 1912-ci ildə ilk səfərinə çıxdığı zaman dövrün ən böyük sərnişin gəmisi idi və “batmaz” hesab olunurdu. Lakin dörd gün sonra, 14 aprel gecəsi saat 23:40-da Şimali Atlantikada aysberqlə toqquşaraq 3 saatdan az müddətdə batmışdı.
Yenicag.az













