“Toplum TV” işi üzrə məhkəmə baxışı təyin olundu
“Toplum TV” işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək təqsirləndirilən şəxslər barəsində həbs müddətinin uzadılmaması və axtarış zamanı götürülmüş şəxsi əşyaların qaytarılmasını xahiş ediblər. Bundan başqa, təqsirləndirilən Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət verilib.
Məhkəmə həbslə bağlı vəsatətləri təmin etməyib.
Hakim bildirib ki, axtarış tədbirləri zamanı götürülmüş sübutların içində şəxsi əşyalar varsa, onlar qaytarılacaq.
Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.
Xatırladaq ki, ötən il martın 6-da “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
“Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.