Tramp BMT-ni TOPA TUTDU – “Təsirsiz qurumdur”
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı qurumu “təsirsiz” adlandıraraq sərt tənqidlər səsləndirib.
Yenicag.az xəbər verir ki, Tramp BMT-nin Qəzza, Sudan və Ukraynadakı münaqişələrdə heç bir rol oynamadığını iddia edib və özünü dünya problemlərini həll edə biləcək yeganə lider kimi təqdim etməyə çalışıb.
O, qeyri-qanuni miqrasiya və bərpa olunan enerji keçidini “ikibaşlı canavar” adlandıraraq iqlim dəyişikliyini isə “ən böyük saxtakarlıq” kimi qiymətləndirib.
Tramp çıxışı zamanı tez-tez ssenaridən kənara çıxaraq siyasi rəqiblərini, NATO müttəfiqlərini və müsəlman icmalarını hədəf alıb. O, Rusiyanın Ukraynaya hücumunda məsuliyyəti Co Baydenin üzərinə qoyaraq, Moskva razılıq vermədiyi təqdirdə əlavə tariflər tətbiq etməklə hədələyib.
ABŞ Prezidenti həmçinin Qəzzadan girovların azad edilməsini tələb etsə də, İsrailin bölgədə apardığı hərbi əməliyyatlara və humanitar yardımın qarşısının alınmasına toxunmayıb.
Baş katib Antonio Quterreş isə çıxışında beynəlxalq birlik və diplomatiyanın vacibliyini vurğulayaraq iqlim dəyişikliyi ilə mübarizəyə çağırıb. Digər liderlər, o cümlədən Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İordaniya kralı II Abdullah da Assambleyada söz alıblar.
BMT Təhlükəsizlik Şurasında Qəzza və Ukrayna müharibələri ilə bağlı iclasların keçirilməsi və Ukrayna prezidenti Vladimir Zelenskinin çıxış edəcəyi gözlənilir.
Nəsimi Ələsgərli