Tramp bütün kartları AÇDI: “Rusiyadan neft alışını dayandırın”
“Rusiya hər gün 4.5-4.8 milyon barel aralığında neft satır. Əgər Moskva dünya bazarlarından çəkilsə, nə baş verəcək?”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə səsləndirdiyi “Rusiyadan neft alışını dayandırın” fikri, əslində, Qərb ölkələrinə ünvanlanmış bir mesaj idi:
“Donald Trampın Avropa İttifaqı (Aİ), həmçinin NATO ölkələrinə əsas iradı ondan ibarətdir ki, Qərb, həmçinin Alyans üzvləri ondan Rusiyaya qarşı sanksiyalar tələb edirlər, lakin özləri Moskvadan neft və qaz alırlar. Bu, Türkiyə timsalında təşkilata üzv ölkələrə ünvanlanmış bir mesaj idi. Birləşmiş Ştatlar lideri bildirir ki, əgər mənim sanksiyalar tələb etməyimi istəyirsinizsə, siz də Rusiyadan neft və qaz alışını dayandırın. Lakin düşünmürəm ki, bu, qısa müddətdə baş verəcək. Aİ-nin 19-cu sanksiyalar paketinə əsasən, Qərb 2027-ci ilin əvvəlinə qədər bu alışı dayandırmağı planlaşdırır. Həmin vaxta qədər isə onlar alternativ mənbələr tapmalıdırlar. Bu, neftə də aiddir”.
N. Cəfərli əlavə edib ki, Rusiyanın bazardan çıxarılması qiymət artımına səbəb ola bilər:
“Rusiya hər gün 4.5-4.8 milyon barel aralığında neft satır. Əgər Moskva dünya bazarlarından çəkilsə, nə baş verəcək? Rəsmi Moskva neftini heç bir bazara çıxara bilməsə, bu, dünyada qiymət artımına səbəb olacaq. Bu vəziyyət ABŞ üçün sərfəlidirmi? Əsas sual budur. Qiymətlər 100 dollaradək arta bilər. Eyni zamanda, ciddi çatışmazlıq müşahidə olunacaq. Buna görə də Tramp Türkiyənin timsalında Qərbə mesaj verir ki, ya məndən sizə qarşı tarif tətbiq etməyimi istəməyin, ya da belə bir tələb varsa, onda əlinizi daşın altına qoyun və Rusiyadan neft-qaz alışını dayandırın”.
Məlik Məlikov