Tramp İsrailsiz Yaxın Şərq modeli QURUR – TƏHLİL
“Trampın İsrailə qarşı getdikcə sərtləşən mövqeyi ABŞ daxilində müzakirələrə səbəb olur”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərini təhlil edən siyasi ekspert Əli Harb deyib.
O, bildirib ki, xüsusən də Səudiyyə Ərəbistanına etdiyi ziyarət, əvvəlki administrasiyaların, o cümlədən Baydenin irəli sürdüyü İsrail-Səudiyyə normallaşması təşəbbüsündən fərqli bir yanaşma ilə müşahidə olundu:
“Tramp administrasiyası Səudiyyə ilə yüz milyardlarla dollar dəyərində iqtisadi və hərbi müqavilələrə imza atdı, lakin bu razılaşmalarda İsraillə bağlı hər hansı normallaşma elementi yer almadı. Tramp Səudiyyənin İsraillə münasibətləri yalnız “öz vaxtında” quracağına işarə edərək, bu məsələni gündəlikdən kənarda saxladı”.
Onun sözlərinə görə, Trampın bu siyasət dəyişikliyi, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı narazılıqla əlaqələndirilir:
“Tramp administrasiyasının Səudiyyə ilə İsraili normallaşdırmadan əməkdaşlıq etməyə meylli olması, regionda ABŞ-İsrail münasibətlərindəki yeni gərginliyi əks etdirir. Trampın müharibənin davam etdiyi bir vaxtda İsraili marşrutuna daxil etməməsi və diqqətini Səudiyyə, Qətər və BƏƏ kimi Körfəz ölkələri ilə kommersiya və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsinə yönəltməsi bu fərqli yanaşmanı daha da aydın göstərir”.
Analitikin fikrincə, Tramp Səudiyyə ilə 142 milyard dollarlıq təhlükəsizlik razılaşmasını açıqlayaraq, regiondakı hərbi və texniki əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirdi:
“Bu sazişlər Səudiyyənin hərbi potensialının artırılmasını, o cümlədən müasir döyüş texnikası, təlim və tibbi dəstəklə təmin olunmasını nəzərdə tutur. Lakin bəziləri düşünürlər ki, bu razılaşmalar NATO tipli qarşılıqlı müdafiə paktından daha çox normallaşmaya alternativ olan strateji tərəfdaşlıq siqnalıdır”.
“Trampın İsrailə qarşı getdikcə sərtləşən mövqeyi həm də ABŞ daxilində müzakirələrə səbəb olur. İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatların “soyqırımı” kimi dəyərləndirildiyi bir vaxtda Tramp administrasiyasının İsraillə normallaşma səylərinə maraq göstərməməsi, onun regionda yeni reallıqlar əsasında siyasət formalaşdırmağa çalışdığını göstərir. Tramp İsraili marjinallaşdırmaqla, daha sabit və kommersiya yönümlü Yaxın Şərq modelini önə çıxarır. Bu, hazırkı İsrail hökumətinin regiona dair sərt və hərbi əsaslı baxışları ilə ziddiyyət təşkil edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli