Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb.
Yeniçağ.Az “APA”-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.
ABŞ prezidenti Donald Tramp görüşdə bildirib ki, rəsmi Moskva Minsk razılaşmalarını yerinə yetirməlidir.
“Prezident Tramp Suriyada münaqişəyə son qoymaq üçün birlikdə işləməyin vacibliyini vurğulayıb. Bəşər Əsəd rejimi və İranın təhdidlərinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib”, məlumatda qeyd olunub.
ABŞ prezidenti Lavrovla görüşdə Ukrayna mövzusuna da toxunub. O qeyd edib ki, ABŞ bu ölkədə münaqişənin həllində maraqlıdır və Rusiya Minsk razılaşması çərçivəsində öhdəliyini tam yerinə yetirməlidir.
“Tramp Yaxın Şərqdə və digər regionlarda münaqişələrin həllində Rusiya ilə daha geniş əməkdaşlığın mümkünlüyü barədə danışıb. Prezident həmçinin ABŞ və Rusiya arasında daha yaxşı münasibətlər qurmaq istədiyini vurğulayıb”, Ağ Evin məlumatında bildirilir.
Yeniçağ.Az
www.yenicag.az