ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimini “biabırçılıq” adlandırıb.
Yenicag.az xəbər verir ki, ABŞ prezidentliyinə qarşıdan gələn noyabr seçkilərində namizəd Fox News-a verdiyi müsahibədə bunun 2028-ci ildə Los-Anceles Olimpiadasında baş verməyəcəyinə əmin olduğunu bildirib. “Mən qərəzli deyiləm, amma düşünürəm ki, onların etdikləri rüsvayçılıqdır”, – deyə o əlavə edib.
Fransanın paytaxtında keçirilən Olimpiadanın açılış mərasimi Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Conson tərəfindən də tənqid edilib.
Konqresmen bu barədə “X” sosial media hesabında yazıb. “Dünən axşam Son Şam yeməyinin ələ salınması bütün dünya üzrə Olimpiadanın açılış mərasimini izləyən xristianları şoka saldı və aşağıladı”, – deyə o qeyd edib.
Xatırladaq ki, Olimpiadanın açılış mərasimi “Son şam yeməyi”nin parodiyasına görə tənqid olunub.
Olimpiadanın açılış mərasimində İsa Məsih və onun həvarilərinin əvəzinə saqqallı qadın və qadın paltarı geyinmiş kişilərin olduğu Son Şam yeməyinin parodiyası, eləcə də milyonlarla xristianın hisslərinə hörmətsizlik göstərildiyi üçün tənqid edilib.
Fransız Katolik Kilsəsinin X sosial şəbəkəsindəki yazısında bu açılış nümayişi kəskin tənqid olunub “Təəssüf ki, bu mərasimdə xristianlığı lağa qoyan səhnələr var və biz bundan çox təəssüflənirik”, – deyə bildirilib.
Yaxın Şərq Kilsələr Şurası (MECC) bildirib ki, 2024-cü il Paris Olimpiya Oyunlarının açılış mərasimində baş verənlər azadlıq və insan ləyaqəti anlayışlarının tam məlumatsızlığını nümayiş etdirib.
Nəsimi Ələsgərli
www.yenicag.az