Tramp-Putin danışıqları: Sülh, yoxsa Ukraynanın təslimi?
“Bu danışıqlar hər iki lider üçün çıxış yolu rolunu oynaya bilər”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün nəticələrini təhlil edən “TheMoscowTimes” nəşri yazıb.
Təhlil məqaləsində qeyd olunub ki, ekspertlər Tramp-Putin danışıqlarının Ukraynada sülh ümidini dirçəldəcəyinə şübhə ilə yanaşırlar. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə “böyük irəliləyiş” əldə olunduğunu bəyan etməsi Ukraynada sülh danışıqlarını yenidən gündəmə gətirib. Kremlin Putinin yaxın günlərdə Trampla üz-üzə görüşəcəyini elan etməsi isə atəşkəsə dair ümidləri artırıb. Lakin bir sıra ekspertlər bu optimizmi ehtiyatla qarşılayır. Onların fikrincə, Moskva yüksək səviyyəli görüşdən Trampı münaqişəni bitirməyə çalışdığına inandırmaq üçün istifadə edə bilər, əslində isə Ukraynanın faktiki təslimini hədəfləyən maksimalist mövqeyini davam etdirir.
Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti Tatyana Stanovaya bildirir ki, Rusiya öz niyyətlərini müxtəlif yollarla təqdim edərək guya kompromisə və ciddi danışıqlara açıq olduğu görüntüsü yaradır, halbuki əsas məqsəd dəyişməz olaraq qalır – Kiyevin təslimi. Eyni zamanda, Avropa Siyasət Təhlili Mərkəzindən Sem Qrin əlavə edir ki, bu danışıqlar hər iki lider üçün çıxış yolu rolunu oynaya bilər:
“Tramp təzyiqlərinin effekt verdiyini iddia edə, Putin isə zəif görünmədən masadan qalxa bilər”.
Karnegi Beynəlxalq Sülh Fondunun elmi işçisi Aleksandr Baunov isə qeyd edir ki, Rusiya özünü münaqişənin səbəbkarı kimi deyil, əksinə, müharibəni dayandırmağa çalışan tərəf kimi təqdim etməyə çalışır. Onun fikrincə, Rusiya müəyyən güzəşt təklifləri ilə Qərbi və Kiyevi razı salmaq yerinə, atəşkəsdən öz xeyrinə istifadə edə bilər. Əgər bu təkliflər rədd olunarsa, Kreml bunu gələcək hərbi və siyasi itkilər üçün məsuliyyəti qarşı tərəfin üzərinə atmaq üçün fürsət kimi dəyərləndirəcək. Ekspertlərin yekun qənaəti isə budur ki, danışıqların yenidən dalana dirənməsi və münaqişənin yaxın aylarda daha ağır şərtlərlə davam etməsi ehtimalı yüksəkdir.
Nəsimi Ələsgərli