Tramp-Putin görüşünün baş tutmamasının ƏSAS SƏBƏBİ... - ŞƏRH
“Macarıstan Baş naziri Viktor Orban bildirmişdi ki, Budapeştdə keçirilməsi nəzərdə tutulan Tramp-Putin görüşünün baş tutmasını istəməyən qüvvələr var. Düşünürəm ki, bunlar Avropa İttifaqı ölkələri — Fransa, Almaniya, Polşa, həmçinin də Böyük Britaniya ola bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.
O bildirib ki, liderlər arasında görüşün baş tutmamasının əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinin mümkün razılaşmadan yayınması olub:
“Trampın əsas tələbi ondan ibarət idi ki, tərəflər hazırkı mövqedə dayansınlar. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov bunun mümkünsüzlüyünü ifadə etmişdi. Görünür, bu da Ağ Ev sahibini qəzəbləndirib. O, yəqin düşünüb ki, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə razılığa getməyə çalışır, amma qarşı tərəf bundan imtina edir. Tramp ABŞ kimi ölkəni idarə etsə də, avtoritar təfəkkürə malikdir. O, Putin üçün yeni qapılar açmağa çalışsa da, Kremlin sahibi bundan imtina edir. Təbii ki, sözügedən razılaşmanın pozulması, “Tomaqavk” raketlərinin yenidən Ukraynaya verilməsini gündəmə gətirə bilər”.
Ekspert əlavə edib ki, lakin bu, uzun vaxt ala bilər:
“Düzdür, bunu indidən demək tez olsa da, silahların rəsmi Kiyevə tədarükünə razılıq verilə bilər. Amma bu, olduqca mürəkkəb sistemdir. Bunun Ukraynada quraşdırılması, hərbiçilərin raketlərin idarəsi ilə bağlı müəyyən biliklərə sahib olması 6 aydan çox vaxt ala bilər. Lakin bütün bunlar atəşkəs prosesinə zərbə vurur. Açığı, indiki durumda atəşkəsin olacağı da gözlənilən deyil. Hətta bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verərək bildirmişdi ki, bu, real görünmür. Proseslərin içində olan Türkiyə Prezidenti də bu kimi fikirləri bildirirsə, demək ki, məsələ o qədər də sadə deyil”.
Məlik Məlikov