Tramp Venesuelada onun sözü ilə oturub duran prezident istəyir - ŞƏRH
“ABŞ Venesuelada onun sözü ilə oturub duran prezident istəyir”.

Bunu ABŞ-nin Venesuelaya hücum etmək ehtimalı və bunun səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, Venesuela ABŞ-nin hədəfindədir:
“Prinsip cəhətdən enerji daşıyıcıları, təbii sərvətləri ilə zəngin olan ölkələr hədəfdədirlər. Xüsusilə ABŞ yaxınlığında olan ölkələr daim rəsmi Vaşinqton üçün hədəfdir. Venesuela təkcə təbii sərvətlərlə zəngin deyil, həm də oranın prezidenti Trampa yaxın adam deyil, müstəqil siyasət yeridir. Belə olan halda bu iki faktor önəmli rol oynayır.
ABŞ-dən Venesuelaya dəfələrlə təzyiqlər olub. ABŞ-nin məqsədi ondan ibarətdir ki, ya Venesuela prezidenti ABŞ-nin sözü ilə oturub duran olsun, ya da neft və qazla zəngin olan ölkə ABŞ-nin təsir dairəsində olsun”.
Ekspert deyib ki, Tramp bir tərəfdən özünü sülhü bərqərar edən lider kimi təqdim etsə də, reallıqda bunun tam əksini edir:
“Onun Panama kanalı, Qrenlandiya, Kanada ilə bağlı düşüncələri hər kəsə məlumdur. Tramp bir hadisə baş verən kimi sanksiyalar tətbiq edir. Bunları da yumşaq müharibə adlandırmaq olar. Tramp hazırda ABŞ-nin itirdiyi mövqeləri, xüsusilə borcları hansısa formada qaytarmaq istəyir. O, məsələlərə bu yöndən baxır”.
Səxavət Məmməd












