Trampa impiçment EDİLƏCƏK? – Demokratların hücumu SƏRTLƏŞİR
“Bu proses Trampın daha ciddi səhvlərinə qədər davam edəcək. Nəticədə o, impiçmentlə də qarşılaşa bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, ötən il ABŞ prezidentliyinə namizəd, sabiq vitse-prezident Kamala Harrisin ABŞ lideri Donald Trampın böhrana aparan siyasətinə qarşı Amerika xalqının birləşməli olduğu bəyanatını şərh edib.
Politoloq bildirib ki, Kamala Harris və Demokratlar Donald Trampa məğlub olduqdan sonra siyasi mübarizədən geri çəkilməyəcəklərini açıq şəkildə nümayiş etdirdilər:
“Onlar Trampın hər bir siyasi və iqtisadi uğursuzluğunu öz lehinə çevirməyə, hakimiyyətə gəlməyə çalışacaqlar. Xüsusilə vergi və tarixi siyasətlə bağlı yaranan çətinliklər Demokratlar üçün fürsət kimi qiymətləndirilir. Artıq müşahidə edirik ki, Kamala Harris Trampın iqtisadi səhvlərindən istifadə edərək siyasi xal qazanmağa çalışır. Lakin Amerika seçicilərinin əksəriyyətinin Harrisin baxışlarına inanaraq ona güclü dəstək verəcəyi inandırıcı deyil”.
İ. Hüseynov diqqətə çatıdırb ki, K. Harris və onun ətrafındakı Demokrat siyasətçilər hazırkı vəziyyətdən maksimum faydalanmağa çalışacaqlar:
“Bu proses Trampın daha ciddi səhvlərinə qədər davam edəcək. Nəticədə Tramp impiçmentlə də qarşılaşa bilər. Hazırda həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə baş verənlər, eyni zamanda, Çinlə olan iqtisadi qarşıdurmalar Trampı daha ehtiyatlı və düşünülmüş addımlar atmağa məcbur edir. Hakimiyyətinin ilk 100 günündə Qrenlandiyanı və Kanadanı almaq istəyi ilə bağlı populist addımlar atan Tramp sonradan daha praqmatik yanaşmaya keçdi. Tramp hazırda hakimiyyətini qorumaq üçün Respublikaçılar daxilindəki reaksiyalara da cavab vermək məcburiyyətindədir”.
Nəsimi Ələsgərli