Trampdan Əliyev və Paşinyanla TARİXİ GÖRÜŞ: Vaşinqtonda “Zəngəzur deklarasiyası” gözləntisi – VİDEO
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda və üçtərəfli formatda görüşlər keçirəcək. Tramp görüş öncəsi sosial şəbəkədə verdiyi açıqlamada, bunun “Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi bir gün” olacağını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Tramp “Truth Social” platformasında paylaşdığı mesajda deyib:
“İdarəçiliyim hər iki tərəflə uzun müddətdir ki, təmasdadır. Ermənistan və Azərbaycan xalqları üçün doğru olanı edən bu cəsur liderlərlə qürur duyuram”.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, hər iki ölkə ilə Cənubi Qafqazın potensialını ortaya çıxaracaq ikitərəfli sazişlər imzalanacaq.
Görüşlər çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın “ortaq deklarasiya” sənədinə imza atacağı gözlənilir. Həmin sənəd vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək Zəngəzur dəhlizində maneəsiz keçidin hüquqi təminatı təsbit olunacaq. Eyni zamanda, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi zərurəti qəbul ediləcək və ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət ediləcəyi bildiriləcək.
Görüş zamanı diqqət çəkən digər əsas məsələ isə “Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulması haqqında saziş” layihəsinin paraflanmasıdır. Sənəd Azərbaycanın təqdim etdiyi variant əsasında razılaşdırılarsa, bu, hüquqi baxımdan tam və bağlayıcı sülh müqaviləsinin imzalanması istiqamətində əhəmiyyətli addım sayılacaq.
Ziyarət həm də Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə iki ölkə arasında “Strateji İşçi Qrupu”nun yaradılması haqqında Anlaşma Memorandumu imzalanacaq. Qrup enerji, ticarət və nəqliyyat sahələrində fəaliyyət göstərəcək.
Xatırladaq ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə 30 illik Ermənistan işğalına son qoydu və bölgədə yeni geosiyasi reallıq formalaşdırdı. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə ölkənin suverenliyi tam şəkildə bərpa edildi. Bu prosesdən sonra Bakı tərəfi davamlı sülh istiqamətində diplomatik təşəbbüslərlə çıxış edir və konstruktiv dialoqa açıq qalır.
Buna paralel olaraq, Ermənistan da bölgədəki yeni reallığı qəbul etdiyini nümayiş etdirir. Lakin sülh sazişinin imzalanması üçün hələ də İrəvanın atmalı olduğu konkret addımlar var. Xüsusilə, Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan müddəaların çıxarılması tələb olunur. Azərbaycanın digər vacib şərtlərindən biri isə ATƏT-in Minsk Qrupunun tamamilə ləğv edilməsidir.
Rafi Müslümov